18:42, 11 Oktyabr 2017 (Çərşənbə) 65

"Özü öz namizədliyini irəli sürəcək" - Meduza



/ DÜNYA
Rusiya prezidenti Vladimir Putin dekabrda parlament qarşısında çıxışında növbəti seçkilərdə namizədliyini elan edəcək. Məlumatı "Meduza" nəşrinə hakim "Yedinaya Rossiya" partiyasına yaxın mənbə verib. Putin özü öz namizədliyini irəli sürəcək, parlament qarşısındakı çıxışı isə onun yeni prezidentlik proqramı olacaq. Ancaq Vladimir Putin-in özü, hələlik, 2018-ci ildə seçkilərə gedəcəyini elan etməyib.

Rusiya prezidentinin administrasiyası regionlarda 20-50 yaş arasında olan seçici auditoriyasını hədəfləyən "Telegram” kanalları yaradır. Kreml blokuna yaxın mənbə RBK telekanalına bildirib ki, bu kanalları yerli jurnalistlər və mətbuat xidmətlərinin əməkdaşları idarə edəcək. "Telegram” kanallarının çox qısa müddətə, Putinin namizədliyini elan edəcəyi dekabrdan gələn ilin yayınadək mövcud olacağı bildirilir.

Bu kanallar Sankt-Peterburq, Rostov, Novosibirsk, Krasnodar, Yekaterinburq, Mahaçqala və başqa regionlarda yaradılacaq. Bu regionların bəzilərinin qubernatorlarının tezliklə dəyişdiriləcəyi gözlənilir.

QUBERNATORLARIN İSTEFASI VƏ "DÖRDÜNCÜ MÜDDƏT"

Son iki həftə ərzində Rusiya prezidenti 10 regionun rəhbərini vəzifədən kənarlaşdıraraq onları az tanınan məmurlarla əvəzləyib. Politoloqlar əmindirlər ki, Vladimir Putin bu yolla öz gələcək seçki kampaniyasının çərçivələrini formalaşdırır.

Nə üçün Putin-in yeni qubernator vəzifəsinə kimi təyin edəcəyini əvvəldən demək olmur? Politoloq Andrei Koliadin hesab edir ki, hökumətdə kadr islahatları, əsasən, seçkilərdən sonra başlayacaq. Ancaq bu islahatların mahiyyəti "birinci şəxs və onun ətrafından" asılı olacaq.

Politoloqun fikrincə, hansısa məsələlərin həlli ilə bağlı bəzi qubernatorlardan məsləhət alınacaq, ancaq onlar başqa qubernatorların işinə nəzarət etməyəcəklər. "Anladığım qədər Sobianın və Minnikhanov kimi rəhbərlər bu dəfə ərazilərdə gələcək qubernatorların öyrədilməsi işində iştirak ediblər", – o deyir.

Bu yaxınlarda mətbuatda 7 metrlik qayadan suya hoppanan adamların görüntüləndiyi video yayılmışdı. Mənbələr videonun qubernatorluğa potensial namizədlərin təlimi zamanı çəkildiyini deyirlər. Təlim prezident administrasiyası üçün kadr ehtiyatlarının hazırlanması proqramı çərçivəsində keçirilib. Siyasi Ekspertiza İnstitutunun direktoru Yevgeny Minchenko deyir ki, bu təlim şirkətlərdə geniş yayılmış timbildinq praktikasıdır.

"Ölkə artıq korporasiyanın bənzərinə çevrilib. ...Bizdəki dövlət kapitalizmi, korporativist yanaşma, yeni meritokratiya (bacarıqlarına görə təyin edilən adamların idarəçiliyi - tərc.) yaratmaq cəhdidir. Daha doğrusu... iki yanaşmanın yarışı: biri meritokratiyadır, mövcud bürokratik mühitin içərisindən ən yaxşıların seçilməsi. İkincisi də irsi aristokratiyadır. Putin politbürosunun üzvlərinin və üzvlüyə namizədlərin uşaqlarının indi harada olduğuna baxsaq, görərik ki, onların əksər hissəsi pis yerləşməyib", – Yevgeny Minchenko deyir.

EŞALONLAR

Ekspert ümumilikdə belə təlimlərin keçirilməsini, idarəçilərin gələcək nəslinin bir yerdə olmasını, bir-biri ilə qeyri-rəsmi ünsiyyətini müsbət hal sayır, hesab edir ki, bu onların gələcəkdə birlikdə işləməsinə kömək edəcək. Ancaq o həm də hesab edir ki, bütün bu məsələ qubernatorlarla və regionlarla yox, 2021-2024-cü illərdə hakimiyyətin ötürülməsi ilə bağlıdır. O deyir ki, bu təlimlər hazırda ikinci-üçüncü eşalon sayılan, ancaq birinci eşalona keçməyə iddialı gələcək hakim sinifin sınaqdan keçirilməsinə xidmət edir.

"Birinci eşalon, xüsusən də indi, Politbüro 2.0, yəni əsas qərar qəbuledici olan 10 nəfər və Putin-dir. Hətta oliqarxlarımızın çox hissəsinə baxsaq, onlar kreditlərə elə bağlanıblar ki, nadir istisnalar xaric, heç öz müəssisələrinin də əsl sahibləri deyillər. Banklarsa dövlət kapitalı ilə çalışır", – o deyir.

"Bizdəki dövlət kapitalizmi və mötədil avtoritar rejim əlindəki bu səfərbər olunmuş mexanizmlərdən, ilk növbədə dövlətdən yararlanaraq, modernləşdirməni, növbəti texnoloji düzənə keçidi təmin etməyə çalışır.

Hazırda regional siyasəti özünə tabe etdirən iri infrastruktur layihələrinin məntiqi üstünlüyünü saxlayır. Yəni regional siyasət ikinci plana keçir. Nəticədə bu gün bu infrastruktur layihələrinə gərəkən və resurs mənbəyi olan regionlar daha önəmli sayılır", - Minchenko deyir.
 
 
mənbə: azadliq.org