18:18, 28 Mart 2018 (Çərşənbə) 1232

Zərdüşt Əlizadə: "Rusiya çox böyükdür, küncə yerləşməz"

Zərdüşt Əlizadə:
Amerika Birləşmiş Ştatları, Kanada, Ukrayna, Fransa, Çex Respublikası, Finlandiya, Danimarka, Latviya, Litva və Hollandiya keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripalın və onun qızı Yulianın İngiltərədə kimyəvi zəhər hücumuna məruz qalmasına görə çoxsayda rusiyalı diplomatı öz ərazilərindən çıxarır.

Kreml martın 26-da ABŞ-ın və bir sıra Avropa dövlətlərinin rusiyalı diplomatları ölkədən çıxarmaq qərarını pisləyib və bunu "səhv addım” adlandırıb. 

Avropa İttifaqı ölkələrindən ümumilikdə 31 Rusiya diplomatı çıxarılır. Almaniya, Fransa və Polşa – hərəsi 4 diplomatı "persona non grata” elan ediblər.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, ittifaqın 28 üzvündən yarısı rusiyalı diplomatların geri göndərilməsi barədə qərar qəbul edib və yaxın günlər və həftələrdə Aİ çərçivəsində yenə də belə addımların atılması istisna edilmir.

Bu hadisə ilə əlaqədar prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov diplomatların qovulmasından bərk təəssüf hissi keçirdiyini deyib. O, həm də qeyd edib ki, Vladimir Putin bu qərarla əlaqədar Rusiyanın cavab reaksiyasını bəyan edəcək.

ABŞ prezidenti Donald Tramp onlarla Rusiya "kəşfiyyat zabiti”nin ölkədən çıxarmağa, Sietldəki Rusiya konsulluğunu bağlamağa göstəriş verib. 

Media isə ölkədən çıxarılan rusiyalıların sayının 60 olduğunu xəbərləyir. 

Toplum Tv mövzu ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadənin fikirlərini öyrənib.

- Zərdüşt bəy, bəzi analitiklər Rusiyaya qarşı diplomatik demarşı Qərb və Rusiya arasında soyuq müharibənin başlanması kimi qiymətləndirir.

- Tamamilə düzgündür. Müharibədə heç bir məntiqi qanunlara, hansısa bir ədəb qaydalarına riayət olunmur. Müharibə olmasa, hər hansı bir hərəkət haqqında bəyanət verəndə, o hərəkətin həqiqətən baş vermədiyini, bu barədə mütəxəssislərin fikrini, məhkəmə rəyini soruşurlar. Müharibə vaxtı isə tərəflər bir-birlərini şərləməyə, onu şeytan kimi göstərməyə çalışır. Artıq Qərb dünyası Rusiyanın günahkar olub-olmamasını nəzərə almadan, hər hansı bir cinayəti, qanunsuz hərəkəti onun elədiyini elan edir, sonra buna görə  Rusiyanı cəzalandırır. İndi də Stefanın zəhərlənməsi sübuta yetmir. Rusiyaya onu zəhərləmək heç lazım da deyil. Amma Qərb hesab edir ki, Stefanı zəhərləyib bunu Rusiyanın üzərinə atmaq və bununla da Rusiyaya qarşı növbəti təzyiqi həyata keçirmək olar. Bu da Rusiyaya əcəb olur, çünki Rusiya özü ondan zəif dövlətlərlə, məsələn, Azərbaycanla, Gürcüstanla, Moldova, Ukrayna kimi dövlətlərlə eyni qanunsuz və vicdansız, ədalətsiz hərəkətlərə əl atır. Odur ki, nə tökür aşına, o da çıxır qaşığına. İndi də Qərb ona qarşı bu cür təzyiqlərdən istifadə edir.

- Diplomatik cəzanın ardınca iqtisadi sanksiyaların da tətbiq ediləcəyi ehtimalı varmı?

- Sanksiyalar artıq iki ildir tətbiq edilir. Rusiyaya qarşı sanksiyalar heç vaxt kəsilmir. Qərb həmişə Rusiyaya qarşı sanksiya tətbiq edir. Yüksək texnologiyaları verməkdən imtina edir, onun inkişaf etmiş elmi tutumlu sahələlərin məhv edilməsinə çalışır. Rusiyadan yalnız xammal alır. Şübhəsiz ki, növbəti tədbirlər ondan ibarət olacaq ki, Rusiyanın yüksək vəzifəli oğrularının öz xalqalarından oğurlayıb Qərb banklarına yerləşdirdiyi pullar müsadirə olunacaq. Rusiyaya qarşı başqa cəza tədbirləri, məsələn, "Şimal axını 2” qaz kəmərinin çəkilməsinə mane olacaqlar. Çalışacaqlar ki, Türkiyə S400 raketlərini Rusiyadan almasın və s. Cəza tədbirlərinin çeşidinin sonu yoxdur. 

- Bu hadisəni Rusiyanın küncə sıxıçdırılması kimi qiymətləndirmək olarmı?

 - Rusiyanı küncə sıxışdırmaq mümkün deyil. Azərbaycanı, Ermənistanı, Moldovanı, Ukraynanı küncə sıxışdırmaq olar. Amma Rusiya çox böyükdür, küncə yerləşməz. 

- Hadisələrin sonrakı inkişafını necə proqnozlaşdırırsınız? 

- İki nəticə ola bilər. Birincisi, əlbəttə ki, nəzəri fikirlərdir. İkincisi, Putin layiqli cavab vermək üçün başlayır Qərbdən asılı olan oğru, satqın hakim elitanı həbs eləməyə, onları cəzalandırır, rüşvətxorların pullarını alır və həmin pullarla başlayır öz iqtisadiyyatını inkişaf etdirməyə. Nəhayət, Rusiyanın hakim zümrəsi toplanır, Putini devirir və artıq Rusiyanı Qərbin ayağının altına sərir və deyir ki, gəl ayağını sil, keç, Rusiyanın sərvətlərini nuş elə. Vəssalam, təki bizə dəymə...
 
- Bu hadisə postsovet ölkələrinə necə təsir edəcək?

- Rusiya 1991-ci ildən sonra özünü o qədər ədəbsiz aparıb ki, başına nə gəlirsə gəlsin, postsovet ölkələri buna yalnız sevinərlər. 

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ Rusiyaya qarşı nüvə silahı işlətməyə hazırlaşır. Bu bəyanatı necə şərh edərdiniz?  

- Bu sözdə müəyyən bir məntiq var. Amma Lavrov onu gərək daha dəqiq deyərdi. Deyərdi ki, Amerika nüvə silahını işlətmək niyyəti ilə eyni zamanda bəşəriyyətin sonunu sürətləndirmək istəyini ortaya qoyub. Yəni inanın ki, nüvə silahının işlənildiyi müharibə bəşəriyyətin sonu olacaq. Yer kürəsində həyatın sonu olacaq. Ola bilər tarakan kimi, kərtənkələ kimi varlıqlar qalacaq, amma bəşəriyyətin sonu olacaq.

Alya Ağayeva
Toplum.Tv