16:47, 18 İyul 2018 (Çərşənbə) 957

Zərdüşt Əlizadə: "Hakimiyyət deyir ki, biz qlamur ölkəyik"

Zərdüşt Əlizadə:
Avropa Parlamentinin tələbləri və Avropa Birliyinin tərəfdaşlıq sazişi üz-üzə. 

İyulun 11-də isə Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib. 

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzaladılar. Sənədin paraflanması ilə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri barədə sənədin mətni üzrə danışıqlar yekunlaşdı. 

İyulun 4-də isə Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında imzalanması üçün danışıqlar aparılan Saziş üçün şərtlər müəyyən etmişdi. Sənəd 750 deputatdan 564 lehinə olmaqla qəbul edilmişdi. Şərtlər arasında insan haqlarının qorunması və bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılması məsələsi də vardı. 

Avropa Parlamentinin tələblərindən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin imzalanması həmin şərtlərin Azərbaycan tərəfdən qəbul olunması anlamına gəlir. Doğrudanmı Azərbaycan həmin tələblərlə razılaşıb? Sənəddə nəzərdə tutulan şərtləri Azərbaycan hökuməti yerinə yetirəcəkmi? 

Köhnə taktika

Politoloq Zərdüşt Əlizadə düşünür ki, öhədliyi götürüb sonra yerinə yetirməmək Azərbaycan hakimiyyətinin çoxdankı taktikasıdır.  

Keçmişi yadına salan politoloq bildirir ki, 1999-cu ildə Azərbaycan hökuməti öz üzərinə demokratik islahatlar keçirilməsi barədə öhdəlik götürsə də, sonradan ölkədə demokratiya, demokratik azadlıqlar getdikcə məhdudlaşdırıldı. 
 
Politoloqun fikrincə, belə məsələlərdə hakimiyyətin xalq qarşısında məsuliyyət hissi yoxdur: "Avropa qitəsindəki ölkələr kübar ölkələrdi, demokratik ölkələrdir. Və Azərbaycan da bu ölkələr sırasında olmaq istəyir.  Yəni Afrika qitəsindəki ölkələrin sırasında olmaq qürur vermir. Hakimiyyət deyir ki, biz qlamur ölkəyik, Avroviziya keçirdirik, Formula yarışları keçiririk, Olimpiya oyunları keçiririk. Amma əslində onlar orta təfəkkürlü insanlardır. Nə özlərinə, nə xalqa hörmət edirlər”. 

Avropa Parlamenti təşəbbüsü öz əlinə almalıdı

Hüquq müdafiəçisi Rəsul Cəfərov iyulun 4-də Avropa Parlamentinin qəbul etdiyi sənədin vacibliyini önə çəkir: "İyulun 4-də Avropa Parlamenti belə bir qətnamə təqdim etdi ki, ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan strateji tərəfdaşlıq müqaviləsini Azərbaycan tərəfindən insan haqqlarına hörmət edilməsə, Avropa Birliyinin dəyərlərinə riayət edilməsə, o cümlədən də siyasi məhbuslar, ələlxüsus da İlqar Məmmədov azadlığa buraxılmasa, onlar hər-hansı formada imzalanan sazişi ratifikasiya etməkdən imtina edəcəklər”. 
 

Rəsul Cəfərov qeyd edir ki, Avropa Parlamentinin qətnaməsində olan o siyasi mesajlar bu çərçivə sazişində öz əksini tapmadı: "Hesab edirəm ki, burada Avropa Parlamenti təşəbbüsü öz əlinə almalıdı və Avropa Birliyinə, onun komissiyasına və digər icra strukturlarına daha ciddi mesajlar göndərməlidir ki, Avropa Birliyinin icra strukturları da Azərbaycanda insan haqqlarının vəziyyətini yaxından izləsinlər”. 

Aİ ilə Azərbaycanın münasibətlərinin gələcəkdəki inkişaf xəttinə gəldikdə isə Rəsul Cəfərov bildirir ki, hər iki tərəf bu əməkdaşlıqda maraqlı olmalıdır: "Hər iki tərəfə aydın məsələdir ki,  bu əməkdaşlıq lazım olacaq.  Təxminən bir neçə gün əvvəl Avropa Birliyinin Xarici Əlaqələr üzrə Komissarı Federika Moqherini  bəyan etdi ki onlar Şərq tərəfdaşlığı ölkələriylə əməkdaşlığı genişləndirəcəklər. Bununla bağlı yeni planlar var və Azərbaycan da bu ölkələrdən biridi. Çərçivə anlaşmasının imzalanması onu göstərir ki, Azərbaycan da öz növbəsində bu əməkdaşlığa maraqlıdı. Həm də, Avropa Azərbaycanın hazırda ən böyük bazarlarından biridi, ona görə hesab edirəm ki, bu münasibətdə hər-hansısa bir sınmalar, qopmalar olmayacaq”.

Nəzərə alına da bilər, alınmaya da...
 
 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadənin fikirlərinə görə, bu sənəd Azərbaycan-Avropa Birliyi tərəfdaşlığı prioritetlərini müəyyənləşdirib: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə isə ancaq məsləhət xarakteri daşıyır. Sənəd Avropa Birliyinin icra strukturları ilə imzalanıb və gələcəkdə Azərbaycanla Avropa Birliyi arasında nəzərdə tutulan sazişdə əsas istiqamətləri müəyyənləşdirir. Yəni, Avropa Parlamentinin bu sənədi Avropa İttifaqının icra strukturları üçün yalnız məsləhət xarakteri daşıyır. Yəni nəzərə alına da bilər, alınmaya da bilər”. 

Nəzrin Bədəlli
Toplum.Tv