15:52, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 181

"Yerevanın sabiq merinə qarşı daha bir cinayət işi açılıb"



/ DÜNYA
Ermənistan paytaxtı Yerevan şəhərinin sabiq meri Taron Marqaryana qarşı daha bir cinayət işi açılıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan bildirib.

Onun sözlərinə görə, söhbət sabiq merin əmlakından gedir və əmlakın qeyri-qanuni yolla əldə edildiyi aydınlaşarsa, o, məsuliyyətə cəlb ediləcək.
 
T.Marqaryan buna qədər "Yerevan" fondunun maliyyə maxinasiyaları ilə əlaqədar məsuliyyətə cəlb edilib. MTX direktoru bu məsələ ilə bağlı açıqlamasında bütün mənimsənilən məbləğin dövlət büdcəsinə ödənilməsindən sonra sabiq merin məsuliyyətdən azad olunacağını vurğulayıb. Onun sözlərinə görə, bu fondla bağlı artıq 1 milyard dram vəsait dövlət büdcəsinə qaytarılıb.

Bu ilin iyun ayında "Yerevan" fondunun direktoru Aşot Kazaryan saxlanılıb, T.Marqaryan isə həmin fondun Himayəçilər Şurasının sədri olub.
T.Marqaryan iyun ayında Yerevan şəhərinin meri postundan istefa verib.