21:55, 16 Aprel 2018 (Bazar ertəsi) 127

Yerevanda nümayişçilərlə iğtişaş polisi arasında toqquşmalar olub

Yerevanda nümayişçilərlə iğtişaş polisi arasında toqquşmalar olub
Ermənistanda Serj Sarkisyanın baş nazir vəzifəsinə nominasiya edilməsi səbəbi ilə paytaxt Yerevanda etiraz aksiyası keçirilib. Etiraz edən nümayişçilərlə iğtişaş polisi arasında toqquşmalar olub.
"Azadlıq Radiosu"nun xəbərinə görə, tənqidçilər Sarkisyanın baş nazir təyin edilməsini onun hakimiyyətinin uzadılması vasitəsi kimi qiymətləndirilər.

Etirazlara rəhbərlik edən "Elk" fraksiyasının lideri Nikol Paşinyan bu gün, aprelin 16-ı kəsik yaraları və gözünün zədələnməsinə görə xəstəxanaya aparılıb. Polis millət vəkili Paşinyanın və onun tərəfdarlarının parlamentə daxil olmasının qarşısını alıb.

Prezidentlik müddəti bir neçə gün bundan əvvəl başa çatmış Sarkisyanın baş nazirliyə nominasiya edilməsinə etiraz nümayişləri aprelin 13-dən bəri davam edir.

Aprelin 16-da hakim Respublikaçı Partiya və onun müttəfiqi Erməni İnqilabi Federasiyası – Daşnaksutyun Sarkisyanın baş nazirliyə nominasiyasına yekdilliklə səs verib.

Ermənistan bayraqlarını dalğalandıran minlərlə nümayişçi Milli Məclisə aparan əsas küçəni – marşal Baqramyan prospektini bağlayıb. Burada parlamentə gedən yolu polis kordonu saxlayır.

Bundan sonra polis kütlənin qarşısını almaq üçün kəsici məftillərdən, gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib.

N. Paşinyan deyib: "Ermənistanda nə isə misilsiz bir hadisə baş verir. Eyni adam üçüncü dəfə ölkə başçısı olmaq istəyir. Biz buna yol verə bilmərik".