14:11, 21 Sentyabr 2018 (Cümə) 369

Yeni qəbul qaydaları barədə

Yeni qəbul qaydaları barədə
Gələn tədris ilindən ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişir. AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə belə deyib.

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent buraxılış imtahanında maksimum 300 bal, qəbul imtahanında maksimum 400 bal toplaya biləcək: "Balları cəmlədikdə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. Hazırda qəbul imtahanında hər bir ixtisas qrupu üzrə beş fənn təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq üçə endirilib.

Qəbul imtahanlarının suallarının tərkibində də müəyyən dəyişikliklər olacaq. Bu, ölkəmizdə tətbiq olunan kurikulum sistemindən irəli gəlir. Eyni zamanda sualların təqdim olunma formatı da dəyişdiriləcək. Yəni daha çox açıq tipli suallar, eləcə də təkcə biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirdik. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu, noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirəcəyik”.