19:57, 23 Aprel 2018 (Bazar ertəsi) 59

Yeni hökümətdə təyinat almayan nazirlər

Yeni hökümətdə təyinat almayan nazirlər
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

Sərəncama əsasən, Ekologiya və təbii sərvətlər naziri vəzifəsində Hüseyn Bağırovu Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Nazim İbrahimovu Fuad Muradov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində Aydın Əliyevi Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində Firudin Nəbiyevi isə Vüsal Hüseynov əvəz edib.

2017-ci ilin dekabrından boş qalan təhsil naziri postuna Ceyhun Bayramov təyin olunub.

Yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyinat alıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb.

Əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ötən həftə yeni tərkibdə eyni vəzifəyə təyin ediliblər.
 
"apa.az"