17:57, 31 Mart 2018 (Şənbə) 1158

Yəhudiləri ölümdən qoruyan yemək – ARAŞDIRMA

Yəhudiləri ölümdən qoruyan yemək – ARAŞDIRMA


/ DÜNYA
Lissabonun  hələ ki turist ayağı dəyməyən bazarlarında gəzdikcə özünü orta əsrlərdəki kimi hiss edirsən. Ən çox diqqətçəkən isə qastronom  hissəsidir. 

Burada asılmış rəngarəng sosislər içərisində üstündə "alheira” yazılan kolbasa demək olar ki, bütün türsitlərin marağına səbəb olur. 
 

Bir neçə həftə öncə portuqaliyalı rəfiqəmlə nahara sifariş verdiyimiz və haqqında danışdığımız bu kolbasanı  piştaxtada görəndə ayaq saxlamalı oluruq. Hətta dostlarımın da diqqətini buna yönəltməyə çalışıram. 

Saranın (portuqaliyalı rəfiqəm) danışdığı tarixçə ilə yaddaşıma hopan bu kolbasa haqqında fikirləri onlarla paylaşmaq üçün səbirsizlənirdim...

Bu, portuqallar üçün adi bir yemək deyil, yüzillik tarixə dayanan və bir xalqı inkvizisiyadan xilas edən qastronomik incidir...
 
 

Saranın danışdığı məlumatı Portuqaliya tarixi üzərində araşdırmağa başladım. Bu araşdırmalar məndə belə bir qənaət formalaşdırdı ki, bəzən xilas olmaq üçün silah və siyasi müqavimətə ehtiyac olmur, hətta bir xalq olaraq öz varlığını mətbəxdən də qoruyub saxlamaq olur...

Bir neçə yüz ildən çox tarixi olan "alheira” portuqalların yekdil səsverməsi ilə  2011-ci ildə "Portuqaliyanın 7 qastronom incisi” siyahısına daxil edilib.
 

Portuqallar üçün bu kolbasa sadəcə, sıradan bir yemək deyil, eyni zamanda bir xalqın inkvizisiyadan xilas olması kimi yaddaşlara hopan qastronomik incidir.  

Tarixi mənbələrdə qeyd olunur ki, Rekonkista hərəkatını sona çatdırmaq üçün Araqon (Araqon Krallığı-Müasir İspaniya və Fransa ərzaisində 1035-1707 ci illər ərzində mövcud olmuş dövlət) kralı  II Ferdinand və xanımı İsabel, 1492-ci ildə birlikdə verdikləri "Granada Fərmanı” na görə, dövlət ərazisində yaşayan bütün müsəlman və yəhudilər  3 ay ərzində ya xristianlığı qəbul etməli, ya da  krallıq ərazisini tərk etməli idilər...
 

Məhz bu fərmandan sonra yəhudilərin Portuqaliyaya axını çoxalmağa başlayıb. 

Portuqaliyada 8 aylıq yaşayış icazəsi üçün yəhudilərin kral xəzinəsinə 8 qızıl "cruzado” (qədim pul vahidi) ödəməsi kifayət idi. 

Varlı yəhudilər isə yaşayış icazəsi üçün 60 min qızıl "cruzado” ödəyərək, daimi məskunlaşma haqqını əldə edirdilər. 

8 aylıq yaşayış icazəsi bitən yəhudilər qul kimi satılır, azyaşlı övladları isə ağır əmək tələb edən işlərə cəlb olunur, və yaxud işləmək üçün San Tome(Sao Tome) adasına sürgün edilirdi. Əksəriyyət həmin adada şəraitsizliyə dözməyərək, vəfat edirdi... 

1 milyona yaxın yəhudinin axını portuqalları artıq narahat etməyə başlamışdı və onlar kraldan İspaniyada olduğu kimi inkvizisiyanın yaradılmasını tələb edirdilər. 4 il sonra hakimiyyətə yeni gələn Portuqal kralı Manuel yəhudilərin məcburi xristinalığı qəbul etməsi haqqında qərar qəbul edir.
 

Sırf  xilas olmaq üçün xristinalığı qəbul edən, gizlində isə öz ata-balarının dini ayinlərini yerinə yetirən yəhudiləri ələ verən səbələrdən biri də, qaxacxanaya gəlməmək və donuz ətindən kolbasa hazırlamamaqları idi. 

Çox çəkmir ki, yəhudilər buna da çarə tapırlar: çörək qırıntıları və müxtəlif növ ədviyyatlardan ibarət olan Alheira...

Zaman keçdikcə isə Alheiranın tərkibinə icazəli olan, toyuq, ördək və s. əlavə olunur. Ancaq təəssüf ki, Alheiranın sehirli gücü cəmi bir neçə il davam edir. 

Ölkədə 1505-ci ildə tügyan edən vəba və aclıq antiyəhudi qüvvələri daha da gücləndirir. Hətta sonradan xristianlığı qəbul edənlər belə hədəfə tuş gəlir.
 
Həmin dövrün tarixi mənbələrində qeyd olunur ki, iki gecədə 600 ə yaxın yəhudi diri-diri yandırılır...

Vəfa Şah
Toplum.Tv