15:19, 24 May 2018 (Cümə axşamı) 47

Yaxınları həbs edilən cəbhəçi ilə görüşə bilmir

Yaxınları həbs edilən cəbhəçi ilə görüşə bilmir
Mayın 18-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əflatun Səfərovun yaxınları apellyasiya şikayəti vermək istəyirlər. Ancaq fəalın yaxınları iddia edirlər ki, bundan ötrü məhkəmənin qətnaməsini ala bilmirlər.

Onun yaxın qohumu Kazım Həsənov deyib ki, Lənkəran Rayon Məhkəməsində də olub:

«Əflatun Səfərovun qardaşı ilə Lənkəran məhkəməsində olduq. Katibəyə müraciət etdik. O isə bu barədə məhkəmənin sədrinə məlumat verdi. Hakimlərdən biri bizi qəbul etdi. Əvvəlcə bizimlə sakit danışdı, sonra əsəbiləşib bildirdi ki, «gedin işinizlə məşğul olun, qətnamə sizin nəyinizə lazımdır? Qətnamə həbs edilən şəxsə verilib». Məlumatımız var idi ki, qətnamə Əflatun Səfərova verilməyib. Çox çalışdıq ki, məsələ həllini tapsın, alınmadı. Orada adımızı, familiyamızı və bəzi məlumatları götürdülər. Bilmədik ki, nə üçün belə edirlər...».

Ə.Səfərovun qardaşı Kamil Səfərov isə bunları deyir:

«Mayın 17-də, günün ikinci yarısında Lənkəran rayonunun Liman şəhərinin polisləri gəlib onu evlərindən aparıblar. Gözlədik gəlib çıxmadı. Liman şəhər Polis Şöbəsinə getdik. Bizə dedilər ki, Əflatun yoldan keçərkən bərkdən söyüş söyüb. Həmin gecəni polisdə qaldı. Növbəti gündə mühakimə etdilər. Məhkəmə qapalı keçdi. Məhkəmədə iştirak edə bilmədik. Öyrəndik ki, Əflatun Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilinib. Guya polisin tələblərinə tabe olmayıb. Polis bunu evindən aparıb. Polisə öz ayağı ilə gedib. Necə ola bilər ki, polisin tələblərinə cavab verməsin?».

K.Səfərovun deməsinə görə, qardaşına yaxınları ilə hələ ki, görüş verilməyib.

Yaxınları Ə.Səfərovun həbsini sosial şəbəkələrdə aktiv olması və hakimiyyət əleyhinə kəskin statusları ilə izah edirlər.

Bu deyilənlərə münasibət almaqdan ötrü Lənkəran Rayon Məhkəməsi ilə əlaqə saxladıq. Məhkəmədən bildirdilər ki, məsələyə aydınlıq gətirəndən sonra məlumat veriləcək. Ancaq sonradan deyilənlərə hər hansı münasibət almaq mümkün olmadı.

Ə.Səfərovun yaxınlarının şikayətinə Lənkəran Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən də münasibət almaq cəhdləri nəticə verməyib. Ancaq, bir qayda olaraq, Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə insanların siyasi baxışlarına görə şərlənərək həbs edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.