15:57, 14 Fevral 2018 (Çərşənbə) 274

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanov prosesi Gəncədə olacaq
Vəkillik fəaliyyəti dayandırılan hüquqşünas Yalçın İmanovun məhkəmə qarşısına çıxacağı gün məlum olub.

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini bəyan edib. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Yalçın İmanov indiyədək Vəkillər Kollegiyasından Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının surətini ala bilməyib.

Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılacaq. Vəkillər Kollegiyasının iddiası üzrə hazırlıq iclası fevralın 21-nə təyin olunub. İş hakim Rəşad Mamedovun icraatındadır.

Yalçın İmanov Novator.az-a deyib ki, əslində Vəkillər Kollegiyasının müraciətinə ümumi məhkəmələr baxmalıdır: "İnzibati-iqtisadi məhkəməyə müraciət edilməsi anlaşılmazdır. Adətən belə işlərə rayon və ya şəhər məhkəmələri baxır. Həm də mənin yaşadığım Sumqayıt şəhərində və ya Bakıda inzibati-iqtisadi məhkəmələr ola-ola prosesin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə salınması absurddur. Çox güman ki, uzaq məkanı ictimaiyyətin məhkəmə prosesində iştirakını maksimum əngəlləmək üçün seçiblər”.
Novator.az