Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".
APA-nın xəbərinə görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu ilə bağlı bu həftə Moskvada aparılmış danışıqların məzmununu şərh edərkən belə söyləyib:
"Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçılarının verdiyi impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir”.
O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanmasından ötrü prezidentlərə təqdim edilə bilər:
"Konvensiyaya əsasən, Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlərdən ötrü sektoral bölünür.
"Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür”, - deyən nazir müavini İran və Türkmənistanla danışıqların davam etdiriləcəyini ifadə edib: "Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik".
"Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", – X.Xələfov söyləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.