17:05, 15 Avqust 2018 (Çərşənbə) 205

"Xəzər akvatoriyasında üzən gəmi yalnız Xəzəryanı ölkəyə məxsus olmalıdır"

Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ABŞ və NATO-nun regiona öz silahlı qüvvələrini göndərməklə bağlı planlarının qarşısını alıb.

TASS xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

"ABŞ və NATO-nun gizli sövdələşməsi ondan ibarət idi ki, Xəzər dənizi sahilinə əsgərlərini göndərsinlər, burada Amerika gəmiləri, helikopterləri və hərbi bazaları olsun. Amma Konvensiya hərbi bazaların yaradılması və Xəzər dənizində xarici gəmilərin iştirakını qadağan edir. Sazişə əsasən, Xəzər akvatoriyasında üzən gəmi yalnız Xəzəryanı ölkəyə məxsus olmalıdır", - H.Ruhani "Fars" agentliyinə deyib.

İran prezidenti regionun təhlükəsizliyi baxımından Konvensiyanın böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

Avqustun 12-də Aktauda V Xəzər sammitinin iclası keçirilib və onun yekununda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusunu müəyyən edən və 1996-cı ildən bəri üzərində iş aparılan Konvensiyanı imzalayıblar.