12:39, 29 Mart 2018 (Cümə axşamı) 1546

"Xəzər" avtomobil zavodunun açılışı olub

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu davam edib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

Prezidentlər İlham Əliyevlə Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan «Azərmaş» ASC və «Iran Khodro» şirkətinin birgə «Xəzər» avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub

Daha sonra «Şimal-Cənub» nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib

Neftçala Sənaye Məhəlləsi ötən il sentyabrın 24-də fəaliyyətə başlayıb. Bu məhəllədə İranla Azərbaycan birgə avtomobil istehsalına başlayır.

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Bu gün, martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

Forumda Azərbaycan və İran dövlət başçıları da iştirak edirlər.

İran prezidenti Həsən Ruhani dünən, martın 28-də Azərbaycana gəlib.

Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlər olub.

Daha sonra iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənəd imzalanıb. Həmin sənədlər idman, turizm, səhiyyə, iqtisadiyyat, Xəzərdəki yataqların birgə işlənməsi və İranda Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi məsələlərini əhatə edib.

Səfərin iki gün davam edəcəyi bildirilir.