09:19, 05 Dekabr 2016 (Bazar ertəsi) 131

Xədicə İsmayıl medianın durumundan danışdı

 Xədicə İsmayıl medianın durumundan danışdı
BBC yayım şirkəti dünyanın ən nüfuzlu və öz fəaliyyətləri ilə başqalarını ruhlandıran 100 qadın siyahısında bu il araşdırmaçı jurnalist Xədicə İsmayılı da göstərib.
 
Şirkətin açıqlamasında Xədicə İsmayılın korrupsiya ilə bağlı araşdırmalarına görə həsb edilməsinə baxmayaraq, işini davam etdirdiyi qeyd edilib. Amerikanın Səsinin "Amerika icmalı” proqramında müsahibəsində Xədicə İsmayıl 100 Qadın layihəsi, Azərbaycanda jurnalistlərin qarşılaşdığı problemlər və medianın durumundan danışıb.

100 Qadın layihəsində dünya ölkələrində qadınların cəmiyyətdə və müxtəlif fəaliyyət sahələrində qarşılaşdığı problemlərə diqqəti çəkilir. Xədicə İsmayıl Azərbaycanda qadın jurnalistlər qarşısında problemlərdən danışaraq, bütün jurnalistlər üçün çətinliklərin olduğunu qeyd edib. 

"Mən gender fərqlilikləri barədə danışmağın həvəskarı deyiləm. Çünki hesab edirəm ki, biz özümüzü ayırdıqca, biz qadınlar özümüz haqqında ayrıca bir kateqoriya kimi danışdıqca bizə qarşı diskriminasiya edənlərə, ayrı-seçilik salanlara da haqq qazandırmış oluruq. Ona görə mən bu barədə danışmağın tərəfdarı deyiləm. Amma bütün jurnalistlər kimi Azərbaycanda da həm qadın, həm kişi jurnalistlər üçün çətindir.”

Azərbaycanda media qarşısında ciddi problemlər var. Birinci problem odur ki, Azərbaycanda müstəqil media yoxdur ki, müstəqil jurnalist öz məhsulunu həmin mediada yayımlasın.

Xədicə İsmayılın sözlərinə görə, qadınların həm mentaliletdən doğan, həm də ictimai məsələlərlə bağlı öz spesifik problemləri var. Amma onun fikrincə, ictimai problemlərdən daha çox burada məişətdən doğan problemləri göstərmək olar. 

"Çox təəssüflə qeyd etməliyəm ki, bir çoxları ailə qurandan sonra peşəni tərk eləyirlər və yaxud da ki məişət problemləri o qədər çox olur ki, aktiv jurnalistika ilə məşğul ola bilmirlər. Bu da təkcə qadın jurnalistlərin qarşılaşdığı problem deyil, ümumiyyətlə Azərbaycanda qadınların çoxu o problemlə üzləşir ki, onlar ictimai həyatlarında, işlərində lider olmaq istəyirlər, buna daha çox vaxt sərf etmək istəyirlər, amma evlərində onların qayğılarını bölüşən insanlar yoxdur. O insanlar yoxdur ki, onlara yardım göstərsin evdə. Məsələn, qadın lider olmaq üçün, daha yaxşı işləmək üçün, daha çox aktiv olmaq üçün daha çox işləmək lazımdır, daha çox vaxt sərf etmək lazımdır. Amma Azərbaycanda işgüzar qadın həm də gəlir evə və ev qayğıları ilə məşğul olur, qabları yuyur, uşaqlara baxır və s. və kişilər də bu qayğıları bölüşmək istəmir. ”

Mən onlarla jurnalist tanıyıram ki, polis basqısı ilə üzləşib, hansısa zorakılıqla üzləşib öz peşə fəaliyyətini göstərdiyinə görə.

Xədicə İsmayıl jurnalistlərin qarşılaşdığı problemlər və medianın durumundan danışıb. 

"Azərbaycanda media qarşısında ciddi problemlər var. Birinci problem odur ki, Azərbaycanda müstəqil media yoxdur ki, müstəqil jurnalist öz məhsulunu həmin mediada yayımlasın. Məsələn, bircə müstəqil telekanal da yoxdur, bircə müstəqil radio kanalı da yoxdur. Yeganə müxalif qəzet "Azadlıq”-dır. O da bağlanıb və artıq çap olunmur. Ortada qalan ancaq xaricdən fəaliyyət göstərən media qurumlarıdır ki, Azadlıq Radiosu-dur, Meydan TV-dir, Amerikanın Səsi-dir ki, onlarla da işləyən jurnalist, məsələn, onlardan biri mənəm. Mən də "qanunsuz sahibkarlıq”da günahlandırılıram. Sırf həmin beynəlxalq radio ilə işlədiyimə görə. Yəni Azərbaycanda elə bil ki jurnalistika üçün sahəni daraldıblar, daraldıblar, hətta mümkün olan pəncələrdən səsini yaymaq istəyənlər də qanunsuz duruma düşüblər. Və bu çox ciddi problemdir. Təsəvvür edin ki, çox ciddi araşdırma edən jurnalistlər var ki öz imzalarını qoymurlar araşdırmanın üstünə və bu problemi yəqin ki dinləyici, ya da izləyici anlamaz, amma bunu jurnalistlər çox yaxşı anlayırlar ki, yaxşı bir yazı yazıb altında imzanı qoya bilməmək nə deməkdir. Və bu ona görədir ki, onlar bunu etsələr, imzaları görünsə, hökumət onları günahlandıra bilər qanunsuz sahibkarlıqda və yaxud xarici media ilə günahlandırıb onları həbs edə bilərlər. Bundan əlavə, jurnalistlərin çoxunun ailə üzvləri basqı altındadır. Mən onlarla jurnalist tanıyıram ki, hansının ki, ailə üzvləri sırf onların dürüst işlərinə görə cəsazını onlar çəkməli olublar. Mən onlarla jurnalist tanıyıram ki, polis basqısı ilə üzləşib, hansısa zorakılıqla üzləşib öz peşə fəaliyyətini göstərdiyinə görə. İndi 10-dan artıq jurnalistin ölkədən çıxışına qadağa var. Onlar hətta təlimə belə gedə bilmirlər ki, öz peşə qabiliyətlərini artırsınlar. Bu, çox ciddi porblemlərdir. Əlbəttə ki, ən böyük problem ölkədə hansısa müsətqil jurnalistin öz məhsulunu yayması üçün müstəqil media qurumunun olmamasıdır. Ümumiyyətlə heç bir müstəqil media qurumu ölkədə fəaliyyət göstərmir.”

Azərbaycanda çox vacib məsələlərdən biri budur ki, heç bir jurnalist meydanda tək qalmasın. Mən həbs olunarkən mənim müdafiəmdə ən ciddi xətt məhz işimin davam etdirilməsi idi.

Xədicə İsmayıl hazırda işlədiyi layihələrdən danışıb. "Mən əvvəlki işimi görürəm. Həbsimdən əvvəlləkindən yeganə fərqi odur ki, Azadlıq Radiosunun studiosu yoxdur və mən gündəlik veriliş apara bilmirəm. Bunu davam etdirə bilmirəm. Amma araşdırmalarımla məşğulam və tezliklə onların nəticələri olacaq. Bundan başqa, mən təlimlə məşğulam. Hətta əvvəllər bunu beynəlxalq təşkilatlar təşkil edəndə mən qonorarla təlim keçirdim, indi pulsuz keçirəm təlimləri. Həqitətən də jurnalistika ilə məşğul olan və yaxşı araşdırmaçı jurnalist potensialı olan adamları cəlb edirəm və təlim keçirəm. Artıq bu mənim üçün bir prinsip işinə çevrilib. Bundan sonra davamlı olaraq etməkdə qərarlıyam. Çünki Azərbaycanda çox vacib məsələlərdən biri budur ki, heç bir jurnalist meydanda tək qalmasın. Mən həbs olunarkən mənim müdafiəmdə ən ciddi xətt məhz işimin davam etdirilməsi idi. Bizim əzmkar jurnalistlərimiz araşdırmaları davam etdirdilər və mən həbsdə ikən hətta mənim etdiyimdən də artıq araşdırmalar var idi. Mən çox şadam ki, onlar qorxmadılar, çəkinmədilər və işi davam etdirdilər və istəyirəm ki, bu işi davam eləsinlər, ardı gəlsin. Bundan ötrü lazımdırsa biz öyrəndikərimizi paylaşmağa şad oluruq."

Xədicə İsmayıl gənc jurnalistlərə tövsiyələrini bildirərək deyib ki, müasir texnoloji imkanların olduğu bir dövrdə jurnalist daim öyrənməli və işdən çəkinməməlidir.

 "Xüsusilə də araşdırma jurnalistikası ilə məşğul olmaq istəyənlərə elə təlimin ilk günündə deyirəm ki, qorxmayın ki sizin buna istedadınız olmaya bilər, çünki araşdırma jurnalistikası istedad məsələsi deyil. Əgər sizdə maraqlılıq varsa, əgər nəyisə öyrənməyə maraqlısınızsa və cəsarətiniz varsa, və hansısa qabiliyyətləri də əldə etməklə, texniki qabiliyyətləri və peşə ilə bağlı xüsusi bilikləri əldə etməklə siz çox yaxşı araşdırmaçı jurnalist ola bilərsiniz.”