13:55, 15 May 2018 (Çərşənbə axşamı) 246

Xarici ticarət göstəriciləri açıqlanıb

Xarici ticarət göstəriciləri açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 146 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən məhsul alınıb. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, üç ayda xarici ticarət dövriyyəsi 6 milyard 894,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 703,5 milyon dollar, idxalın dəyəri 2 milyard 191,1 milyon dollar təşkil edib, 2 milyard 512,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 faiz, real ifadədə isə 6,3 faiz, o cümlədən ixrac 5,3 faiz, idxal 8,7 faiz artıb.

Üç ayda 356,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8 faiz, real ifadədə isə 29,6 faiz çoxdur.

Başqa bir hesabata əsasən, yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala yönəldilmiş 4 milyard 160,1 milyon manat vəsaitin 54,8 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz artıb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,4 faizini təşkil edib.