18:35, 10 Aprel 2018 (Çərşənbə axşamı) 189

Xarici müşahidəçilər media azadlığı ilə maraqlanıblar

Xarici müşahidəçilər media azadlığı ilə maraqlanıblar
Avropa Şurası və ATƏT parlament assambleyalarının növbədənkənar prezident seçkilərində müşahidə missiyasının üzvləri bu gün, aprelin 10-da kütləvi informasiya vasitələri (KİV), Mərkəzi Seçki Komissiyası (MSK) nümayəndələri və ekspertlərlə görüş keçiriblər.

"Turan" agentliyinin xəbərinə görə, onlar Azərbaycanda mətbuat azadlığının vəziyyəti ilə tanış olmaq istəyiblər.

Xəbərdə bildirilir ki, görüşdə bir neçə KİV nümayəndələri media azadlığı ilə bağlı ciddi problemlərin olduğunu deyiblər. Onlar vurğulayıblar ki, rəsmi qurumlardan informasiya əldə edilməsi məhdudlaşdırılıb, korrupsiya hallarının araşdırılmasına görə təqiblər var, ondan çox jurnalist və bloqqer həbs edilib. Habelə bildirilib ki, bəzi müstəqil saytlar bloklanıb, hakimiyyət KİV-ləri "özününkülər" və "özgələr"ə bölür.

Onlar həmçinin deyib ki, əgər media azadlığı yoxdursa, seçkilərin özünü də "azad" adlandırmaq çətindir.

Öz növbəsində MSK və əksər mətbuat nümayəndələri bunun əksini söyləyiblər. Onlar isə deyiblər ki, ölkədə media və söz azadlığından ötrü bütün lazımı şərait mövcuddur.

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə, səkkiz namizəd prezidentlik uğrunda mübarizə aparır. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.