13:50, 15 Fevral 2018 (Cümə axşamı) 3602

"Xalqı bihal, müxalifəti yarımcan ediblər" - Zərdüşt Əlizadə

"REAL” Hərəkatının sədri İlqar Məmmədovun fevralın 11-də 2 saylı Cəzaçəkmə Müəssəsindən yazdığı məktub ictimaiyyətdə əks-səda doğurub. 
 

Belə ki, İlqar Məmmədov prezident seçkilərinin tezləşdirilməsinin Azərbaycana qarşı Avropa Məhkəməsində 46.4 maddəsi ilə qaldırılan işə birbaşa cavab olduğunu yazıb: "İlham Əliyevin məqsədi seçkiləri tezliklə saxta keçirib, ardı ilə Azərbaycanın Avropa Şurasından çıxartdırılmasıdır”.

"REAL” Hərəkətanın İdarə Heyətinin üzvü Xalid Bağırov İlqar Məmmədovun iddialarının gerçək olduğunu ifadə edib: "İham Əliyevin hazırda məqsədlərindən biri odur ki, vaxtından öncə seçki keçirərək, səlahiyyətlərini daha 7 il uzatsın.
 
Bundan sonra beynəlxalq təkilatlarla danışıqlarda əli möhkəm kartlı olsun. Bundan sonra 2025-ci ilə qədər bütün təşkilatların qarşısında istədiyini edə bilsin. İlqar Məmmədovun dediklərində isə kifayət qədər ciddi arqumentlər var”. 

Politoloq Zərdüşt Əlizadə isə hakimiyyətə Avropa Şurasında qalıb-qalmamağın maraqlı olmadığını bildirib: "Azərbaycan Avropa Şurasına necə daxil olubsa, elə də çıxa bilər. Bu hakimiyyətin nə Azərbaycan, nə də Avropa Şurası vecinədir. İlham Əliyev paralel dünyada yaşayır.
 
 Seçkinin saxtalaşdırılmasına kim mane olacaq ki? Xalqı bihal, müxalifəti yarımcan ediblər. Düşmənlərə lazım olan hər şeyi hakimiyyət özü yerinə yetirib. Əgər Azərbaycan seçkilərdən sonra Avropa Şurasından çıxsa, bu, biabırçılıq olacaq”.

Deputat Zahid Oruc isə İlqar Məmmədovun diqqət çəkmək istədiyini bildirib: "İlqar Məmmədov həmin bəyanatı ilə seçkiqabağı diqqətləri Azərbaycandakı seçkidə iştirak edəcək müşahidəçilərə, o cümlədən digər beynəlxalq təşkilatlara çəkmək istəyir. Onun durumu üçün addımlar atmağa sövq etməyə çalışır. Siyasi baxımdan, o, seçki kampaniyasında xəyali olaraq iştirak edir. Ən azından media vasitələri onun düşüncələrinə yer verib, müqayisələr aparırlar. Onun gözü ilə baxmaq istəyirlər hadisələrə. Belə olan təqdirdə bu, həmin siyasətçi üçün uduş sayılır. Halbuki indiki halda İlqar Məmmədovun verdiyi açıqlama tamamilə absurddur. Ona görə ki, Azərbaycan seçkiləri keçirməklə beynəlxalq təşkilatlarda mövqelərini gücləndirməyə çalışır”. 
 

Zahid Oruc deyib ki, bir neçə ay öncə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının strukturlarında təmsilçiliyini də bir qədər artırıb: "İkinci tərəfdən, Azərbaycan beynəlxalq əlaqələrini həm də Avropa Birliyi ilə gücləndirməkdə davam edir. Son olaraq birliyin xarici siyasət üzrə nümayəndəsi ölkəmizin ərazi bütövlüyünə yönəlik açıqlama verib. Hesab edirəm ki, bu da çox önəmlidir. Belə olan təqdirdə, biz münasibətlərimizi daha da gücləndirə biləcəyik. Üçüncü məsələ, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında Avropa ilə əlaqələrin vacibliyini vurğuladı. Buradan çıxan nəticə də ondan ibarətdir ki, həmin təşkilatlardakı fəaliyyətimizi heç bir əsasla dayandırmaq niyyətində deyilik. Əksinə, bundan əvvəlki dövrdə verilmiş bəyanatlar da daha çox bizə qarşı müxtəlif mərkəzlərdən həyata keçirilən hücumlarla bağlı idi. Amma gördüyünüz kimi, bu bəyanatlar da əsassız olduqları üçün sonradan söndülər. İndi artıq özləri siyasi səhnəni tərk etməkdədirlər. Düşünürəm ki, belə olan təqdirdə Avropa Şurasında olan təmsilçilər Mogerininin tutduğu mövqedən çıxış edərək Azərbaycanla münasibətləri daha yaxşı qurmaq üçün çalışır. İlqar Məmmədovun azadlığa çıxmaq üçün Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin problemini vurğulamaqdansa, daha sadə bir dillə azadlıq istəyini deyə bilərdi. Bu mövqeyinə də heç kim qarşı çıxmazdı. Yerdə qalan məsələlər isə müvafiq orqanlar tərəfindən həll olunardı, bu, daha ədalətli yanaşma olardı. Yoxsa, Azərbaycanı beynəlxalq qurumlardan çıxacağı ideyası ilə qınamaq, bunun üzərindən hakimiyyəti günahlandırmaq yanlış mövqedir”.

Ofelya Ramilqızı
Toplum.Tv