11:00, 09 Dekabr 2016 (Cümə) 91

"Vurulma" davam edir - Azadlıqradiosu

"Leyla Əliyevanın mülklərinin əlindən alınması perspektivləri və parlamentdə gedən məsələlər işıqlandırılandan sonra dünəndən bir çox yerli provayderlər tərəfindən Azərbaycanda Azadlıq radiosunun saytına girişin bloklanması kəskinləşib", RFERL Azərbaycan Xidmətinin Direktoru İlkin Məmmədov BBC Azərbaycancaya müsahibəsində deyib.

Cənab Məmmədovun sözlərinə görə, saytın İP (İnternet Protokolu) ünvanı "təxminən 80 faizə yaxın provayder tərəfindən bloklanır".

Ötən həftə 3 gün Azadlıq Radiosu və Amerikanın Səsi radiosunun saytına giriş Azərbaycanda məhdudlaşdırılmışdı və eyni vəziyyət dünən gün yenidən təkrarlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövcud vəziyyətin səbəbini şərh etməyib.

RFERL Azərbaycan Xidmətinin Direktoru İlkin Məmmədov deyir ki, sayta daxil olmanın məhdudlaşdırılması media qurumunun daxili və ya hər hansı texniki problemləri ilə əlaqəli deyil.

Cənab Məmmədov deyir ki, "bloklanma" bəzi proveayderlər tərəfindən aparıldığına görə "bəzi istifadəçilər sayta girə bilir, bəziləri yox".

İlkin Məmmədovun sözlərinə görə, mövzulardan asılı olaraq sosial şəbəkələrdə də "vurulma" davam edir və birinci hal bu yaxınlarda, Ramiz Mehdiyevin həyat yoldaşıyla bağlı araşdırma yazı çıxdığı dövrə təsadüf edib.

"Onlar toplu şikayət əsasında mövzunu tam olaraq çıxara bilməsə də müvəqqəti olaraq onun auditoriyaya çatdırılmasını məhdudlaşdırır. Biz onların şikayətindən sonra o videoların müəlliflik hüquqlarının bizə məxsus olduğunu sübut edənə qədər vaxt keçir", direktor prezident ailəsinin mülkləri ilə bağlı sosial şəbəkədə qoyulan mövzularda da belə "vurulma halları var" deyir.

İlkin Məmmədov əlavə edir ki, bu vəziyyət auditoriyanın məlumat alma imkanlarını "müvəqqəti çətinləşdirir" və buna görə də onlar oxuculara məlumatı azadradio.com kimi proksi saytlar vasitəsilə çatdırmağa çalışır.

Azadlıq radiosunun saytına ötən gündən giriş yenə çətinləşib
"Bunları Azadlıq radiosu, İranda, Çində və Türkmənistanda istifadə etdiyi qaydalarla biz də istifadə edib kontenti çatdıra bilərik. Gülməli olan odur ki, biz o vəziyyətdə olmadığımızı bəyan edirik, amma yekunda faktiki olaraq eyni qaydalarla işləyirik", İlkin Məmmədov bildirir.

"Bizim işimiz mübarizə deyil" deyən cənab Məmmədov əlavə edir ki, saytın izləyicilərinin İP ünvanlarının icazəsiz toplana bilməməsi üçün sayt daha yeni və təhlükəsiz platformaya keçiriləcək.

Noyabrın 30-dan dekabrın 2-dək sosial şəbəkələrdə bir çox istifadəçilər Azadlıq radiosu və Amerikanın Səsi saytlarına daxil ola bilmədiklərini bildirib.

Həmin vaxt BBC Azərbaycancanın əlaqə saxladığı bəzi internet provayderləri bildiriblər ki, onlara bloklama ilə bağlı şikayət daxil olmayıb.

Bəzi provayderlər isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağı məsləhət bilib.

Nazirlik hələ də bu barədə BBC Azərbaycancanın suallarını cavablamayıb.