11:48, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 238

Mehman Hüseynov azadlıqda - YENİLƏNİR

Mehman Hüseynov azadlıqda - YENİLƏNİR
Nəsimi Rayon Məhkəməsində işinə baxılan videoblogger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunaraq 200 manat məbləğındə cərimələnib. Videoblogger hazırda sərbəst buraxılıb.
 
* * *
 
"Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, "Torqovı" da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar".

Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: "Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı".

Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.
 
* * *
 
Siyasi partiyalar Mehman Hüseynovun saxlanılmasını pisləyir

Müsavat Partiyası bloqçu Mehman Hüseynovun saxlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda Mehman Hüseynovun naməlum şəxslər tərəfindən saxlanması və keçən 15 saat ərzində ailəsinə və yaxınlarına məlumat verilməməsi faktı pislənilir:

"Yalnız bu gün saat 12.00 radələrində - Mehman Hüseynovun həbsindən 16 saat sonra onun haqqında qərar qəbul edilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılması məlum olub. Hüquq-mühafizə orqanlarının bu davranışları insan hüquqlarına, Azərbaycanın Konstitusiyası və qanunlarına ziddir.

Hakimiyyət dairələrinin ölkənin ən populyar bloqqerinə qarşı bu qanunsuz davranışları ölkədə mövcud olan siyasi qarşıdurmanı daha da dərinləşdirir. Hər kəsə aydındır ki, Mehman Hüseynovun həbsi onun hakimiyyəti tənqid edən yazıları, korrupsiya faktları ilə əlaqədar çəkərək sosial şəbəkədə paylaşdığı, 100 minlərlə vətəndaşın baxdığı videoları, yüksək dövlət vəzifəsi tutan şəxslərin qanunsuz əməlləri barədə ictimaiyyəti məlumatlandırması ilə bağlıdır”.

Bəyanatda vurğulanır ki, Müsavat Partiyası Mehman Hüseynovun qanuni prosedurların kobud surətdə pozulması ilə həyata keçirilən qeyri-qanuni həbsini, ona qondarma ittihamlarla cəza verilməsini ölkədə söz və ifadə azadlığına qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirir:

"Hakimiyyətdən ölkədə baş alıb gedən korrupsiya, rüşvətxorluq, özbaşınalıq halları barədə yazan jurnalistləri susdurmaq məqsədi ilə həbs etmək yox, bu materiallarda qeyd olunan faktların araşdırılmasını, günahkarların cəzalandırılmasını, Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir”.

AXCP sədri Əli Kərimli də öz "Facebook” səhifəsində Mehman Hüseynovun saxlanmasını pisləyib:

"Mehman Hüseynovdan onun ifşa etdiyi oliqarxların qisasını alırlar. Dövlət hakimiyyəti rəsmən oliqarxların, büdcə oğrularının keşiyində durur. Dövləti o qədər kiçildib, gülünc günə qoydular ki, indi bu boyda dövlət aparatı gənc bloqqer Mehman Hüseynovun şərlənməsi üçün səfərbər edilib”.

* * *
 
Bloqqer Mehman Hüseynovu 22-ci polis bölməsinin saxladığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. "Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar. Gedirəm ora",-deyə vəkil yazır.

DİN araşdırır

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanıb-saxlanmadığını araşdırır.

Bu haqda Modern.az-a DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Bloqqerdən, hələ ki, xəbər yoxdur

"Bloqqer Mehman Hüseynovla bağlı axtarışlara başlamışam". Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

O, yanvarın 10-u səhər saatlarında ilk olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdiyini deyir. Vəkilin bildirməsinə görə, amma orada ona hər hansı məlumat verilməyib: "Orada məlumat vermədilər. Növbətçi hissədən dedilər ki, kim tutduğunu deməsəniz (əməliyyatının və ya müstəntiqin adını), biz sizə bir söz deyə bilmərik".

E.Sadıqov daha sonra Bakı şəhər Baş Polis İdarəsinə yollanıb. Oradan da bloqqerlə bağlı hər hansı məlumat almayıb.

Vəkil qeyd edir ki, Mehman Hüseynovun axtarışını davam etdirəcək.

"Oğurlayıblar..."

Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.

"Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür", – Ü.Həsənli yazır.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb: "Bu gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib".

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazır:"Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm... Sübh tezdən axtarışları davam etdirəcəm".

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.