17:37, 30 Noyabr 2018 (Cümə) 299

“Vətən həmişə insanlara xoşbəxtlik bəxş etmir” – "Bölgədən səslər"

“Vətən həmişə insanlara xoşbəxtlik bəxş etmir” –
"Əvvəllər Oğuzda 2000-3000 yəhudi yaşayırdısa, indi uzağı 50-60 adam qalıb”

60 yaşlı sinaqoq gözətçisi Elşad Yusubov doğulub böyüdüyü yerdə təklikdən şikayətlənir: "Burada qalanların da hamısı mənim kimi yaşlılardır. Bu yaşdan sonra bizim də gedəcəyimiz yeganə yer qəbir evidir. Ata-babalarımız İkinci Dünya Müharibəsindən əvvəl Azərbaycanda yaşamasa da, mən və məndən sonrakı nəsil bu torpaqlarda böyüyüb, buranın çörəyini yeyib. Biz həm də bu ölkəni vətən kimi görmüşük”.

"Vətən həmişə insanlara xoşbəxtlik bəxş etmir”

Elşad Yusubov düşünür ki, vətən həmişə xoşbəxtlik bəxş etmir, bununla belə, insanın doğulub böyüdüyü yer ona həmişə əvəzolunmaz görünür: "Biz qocalar yaxşısı və pisi ilə buraya bağlanmışıq və özümüzü Azərbaycandan kənarda təsəvvür edə bilmirik. Amma övladlarımız rahat həyat arzusundadır. Oğlum Bakıda ali təhsil aldı, mühəndis kimi yetişdi. Sonra da həyatını qurmaq üçün İsrailə köçdü. Əvvəllər ona etiraz elədim, köçməsini istəmirdim. Axı o da bizim kimi bu ölkədə doğulub, buranın havasını alıb. Nə olsun ki, son 5-6 ildir qazanc azalıb, hər şeyin qiyməti qalxıb. Hamı necə yaşayırsa, biz də elə, birtəhər dolanırıq. Cavanlar çətinliyə tab gətirmir, asan həyat qala-qala çətinliyi seçmək onlar üçün mənasız  gəlir”.

"Bəxtimiz onda gətirib ki, kurort zonalara gedən yol Oğuzdan keçir”

10 ildən çoxdur ki, Oğuz rayonunun mərkəzində 1897-ci ildə tikilən sinaqoqda gözətçi işləyən Elşad Yusubov yəhudilərin bir-birlərinə yaxın ərazidə yaşamasına da aydınlıq gətirir: "Dolanışıq o qədər yaxşı olmasa da, heç olmasa, qışda yollar palçıq olmur, gediş-gəliş təmin olunur. İşlədiyim sinaqoqu inşa edən rəhbərimiz əvvəl bizə sinaqoq tikib, sonra özünə ev tikib. Yəni bizim üçün əvvəl ibadət sonra, gecələmək üçün yer gəlir. Bizə deyirlər ki, yəhudilər başqa millətləri bəyənmədikləri üçün birlikdə yaşayıb, məskunlaşırlar. Əslində isə məsələ tamam başqa cürdür. Bizim dinimizə görə sinaqoqlar evdən 200 metr uzaqlıqda olmalıdır. Biz də azlıq olduğumuz ərazilərdə bu problemi eyni məhəllədə yaşamaqla həll edirik. Yerli camaatla bu günə qədər dini, etnik, sosial problemlər yaşamamışıq. Əksinə, təkcə yaxşı gündə yox, həm də pis günümüzdə bir-birimizin yanında olmuşuq”.

Sinaqoqun həyətində 2010-cu ilin may ayında basdırılmış sülh ağacı buraya gələn yerli və əcnəbi turistlərə ismarıc xarakterlidir. Belə ki, bu ağac 1941-1945-ci illərdə öldürülən yəhudilərin xatirəsinə həsr olunub və onların tək arzularının- sülhün simvoluna çevrilib.

Ofelya Ramilqızı
Toplum.Tv