10:44, 05 Aprel 2018 (Cümə axşamı) 590

Vergi Məsləhətçiləri Palatası nəyə xidmət edəcək? - ŞƏRH

Vergi Məsləhətçiləri Palatası nəyə xidmət edəcək? - ŞƏRH
"Vergi Məsləhətçiləri Palatası” MMC yaradılıb.

"Vergilər” qəzetinin yazdığına görə, cəmiyyətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şahin Tağızadədir.

MMC-nin Müşahidə Şurasının üzvləri Fuad Tağıyev, Vüqar Cavadov, Natalya Fətizadə, Fərid İsmayılzadədir.

Maraqlıdır, bu qurum hansı zərurətdən yaranıb? 

İqtisadçı ekspert Natiq Cəfərli Toplum Tv-yə açıqlamasında qeyd edib ki, bu qurum Vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında problemləri həll edəcəksə, bu, yaxşı təşəbbüs sayıla bilər: "Əgər bu vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında yaranmış müxtəlif mübahisələrin və problemlərin çözülməsi ilə bağlı hər hansı bir iş görəcəksə, bu, ayrı bir məsələdir. Nizamnəməyə baxmaq lazımdır.
 
 
Dünyada praktikada belə bir cəmiyyətlər mövcuddur, amma onlar QHT şəklində fəaliyyət göstərir və vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında bir ombudsman rolunu oynayır. Problemlərin ortaq müstəvidə həll olunması və müzakirəsi üçün çabalar göstərir. İndi bu cəmiyyətin hansı məqsədlə və nəyə görə yaradıldığı barədə məlumatım yoxdur. Fəaliyyətə başladıqdan sonra fikir bildirmək doğru olardı. Amma vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında problemləri həll edəcəksə, demək, bu, çox yaxşı təşəbbüsdür”.

Deputat Aydın Hüseynov isə hesab edir ki, bu yeni cəmiyyət peşəkarlardan ibarətdir və məsləhətlərini verir: "Bu cəmiyyət hər hansı vergi ödəyiciləri ilə könüllü olaraq müqavilə bağlayır və müəssisələrə məsləhətlər verir.
 

Həmin müəssisələr mühasibatlıq sisteminə, vergi sisteminə və beynəlxalq standartlara uyğun olaraq mühasibatlığın qurulması üçün məsləhətlər verir.  Bu yeni cəmiyyət peşəkarlardan ibarətdir və məsləhətlərini verir”. 

Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq ev. 15/17 ünvanında yerləşir.

Şirkət fevralın 8-də dövlət qeydiyyatına alınıb

Alya Ağayeva
Toplum Tv