Venesuela Birləşmiş Ştatların dövlət neft şirkətinə sanksiyalarına cavab verib.
Ölkənin Ali Məhkəməsi müxalifət lideri Juan Guaidoya səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.
Yanvarın 29-da Vaşinqton bu addımlarla bağlı xəbərdarlıq edib, ancaq konkret hansı tədbirlər görəcəyini dəqiqləşdirməyib.
Birləşmiş Ştatlar hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduronu qanunsuz lider elan edib, Guaido-nu Venesuela prezidenti kimi tanıyıb.
Yanvarın 28-də isə ABŞ Xəzinədarlıq Departamenti Venesuelanın PDVSA dövlət neft şirkətinə sanksiyalar tətbiq edib. Bu şirkət iqtisadi böhran yaşayan ölkədən ötrü əsas gəlir mənbəyi sayılır.
Vaşinqton onu da bildirib ki, PDVSA-nın ABŞ-dakı filialı Citgoya məxsus bank hesabları Guaidoya veriləcək.
Yanvarın 29-da Venesuelanın baş prokuroru Guaido-nu ölkənin daxili işlərinə müdaxilədə xarici ölkələrə kömək etməkdə suçlayıb, Ali Məhkəmədən onunla bağlı araşdırma aparmağı xahiş edib.
Maduro-ya sadiq məhkəmə xahişi yerinə yetirməyə razılaşıb, 35 yaşlı liderə səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.
Bu, Ağ evin milli təhlükəsizlik müşaviri John Boltonun sərt tənqidinə səbəb olub, o xəbərdarlıq edib ki, "demokratiyanı devirməyə, Guaido-ya zərbə vurmağa çalışanlar ciddi fəsadlarla üzləşəcəklər”.
Yerli televiziya yanvarın 29-da Maduronu hərbi bazada göstərib, o, ölkənin silahlı qüvvələrinin sadiqliyini alqışlayıb.
Rusiya ABŞ-ın Venesuela böhranıyla bağlı hərəkətlərini pisləyib, Çin xəbərdarlıq edib ki, bu addımlar ölkə əhalisinin əzab çəkməsiylə sonuclanar.
Azadlıq Radiosu
XƏBƏRLƏR