10:27, 23 Yanvar 2018 (Çərşənbə axşamı) 112

Vəkillik vəsiqəsi müddətsiz veriləcək

Vəkillik vəsiqəsi müddətsiz veriləcək
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, yanvarın 28-də vəkilliyə qəbul üzrə keçiriləcək imtahana hazırlıq işləri barədə məlumat verib.

İclasda "Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr 3 il müddətinə deyil, qeyri-müəyyən müddətə - vəkilin səlahiyyəti müddətinə verilsin.

Eyni zamanda iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Qeyd olunub ki, növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.

Bundan başqa, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq.

 Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.