00:38, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 451

Vəkil: "Mehman Hüseynov müalicə müəssəsinə köçürülməyib"

Vəkil:
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məhbus bloger Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini bəyan edib.

Yanvarın 7-də Report.az-ın sorğusunu cavablandıran Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, Mehman Hüseynov çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır: 

"Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.

Mehman Sadıqovun sözlərinə görə, məhbus bloger cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.

Penitensiar Xidmətin açıqlamasına cavab olaraq Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bildirib ki, Mehman müalicə müəssəsinə köçürülməyib: "Bu gün Mehman Hüseynovla görüşdüm. Müalicə müəssəsinə köçürülməyib, 1 saylı istintaq təcridxanasındadır. Ombudsman Aparatının nümayəndəsi və həkimi təcridxanada onunla görüşüb". 

Onun sözlərinə görə, Mehman mədəsində olan ağrılara görə həkimin məsləhəti ilə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.

Cəzası bu ilin martında başa çatmalı idi.

Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da ona qarşı yeni cinayət işi açılması barədə məlumat yayıb.

Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov ona qarşı açılan yeni cinayət işinə, göstərilən təzyiqə və yanına vəkil buraxılmamasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. 

Artıq 12 gündür ki, o, aclıq aksiyasını davam etdirir.

Türkan Bəşir
Toplum.Tv