10:33, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 86

Vəkil: "Cəbhəçi məhbuslar sıx şəraitdə saxlanılır"

Vəkil:
Vəkil Əsabəli Mustafayev dünən, oktyabrın 9-da inzibati qaydada həbs edilən 6 AXCP üzvü ilə görüşüb.

Onlardan beşi - Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Fizuli Hüseynovun Bakının Binəqədi rayon polisində saxlandığı bildirilir.

Vəkilin sözlərinə görə, digər fəal Cabbar Savalanlı isə Sumqayıt polisində tutulur:

"Həbs olunanların hamısı standart hüquq pozmalarda - küçədə yüksək səslə telefonda söyüş söyməkdə, polis əməkdaşları onları ictimai asayişə riayət etməyə çağırdıqda isə tabe olmamaqda ittiham olunublar".

Beş fəal 25-30 günlüyə, C.Savalanlı isə 10 gün müddətinə həbs edilib.

Ə.Mustafayevin deməsinə görə, əslində fəalların əksəriyyəti ya polisə çağırılaraq saxlanılıb, ya da evlərindən aparılıb. Vəkil bütün işlər üzrə apelyasiya şikayətləri verib.

Vəkil bildirib ki, Binəqədi təcridxanasında məhbuslar sıx şəraitdə saxlanılır.

"Beş nəfərlik kameralarda 9-11 nəfər saxlanılır. Çoxları yerdə yatmaq məcburiyyətində qalır. Bundan başqa, məhbuslar üçün evdən gətirilən yeməkləri qəbul etmirlər, keyfiyyətsiz yeməkləri yeməyə məcbur edirlər. AXCP fəalı Fizuli Hüseynov siyasi məhbusların azad edilməsi tələbi ilə təcridxanada aclıq elan edib. Yalçın Abdullayev oktyabrın 3-də 200 manat cərimə olunmuşdu", - vəkil qeyd edib.

Müdafiə tərəfi hesab edir ki, onların Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinq ərəfəsində saxlanması heç də təsadüf deyil.

Vəkilin təcridxanada sıxlıq, keyfiyyətsiz yemək haqda dediklərinə və inzibati həbsi əsassız saymasına hələlik nə Penitensiar Xidmətdən, nə də məhkəmələrdən münasibət almaq mümkün olub.

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli isə demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Lakin mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə "Talana yox", "İstefa" kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.