16:57, 10 Fevral 2018 (Şənbə) 108

Vatikanın elçisi Azərbaycandadır

Vatikanın elçisi Azərbaycandadır
Prezidenti İlham Əliyev fevralın 10-da Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərini tarixi hadisə kimi dəyərləndirib və özünün Vatikana rəsmi səfərini xatırladıb.

İ.Əliyev belə yüksək səviyyəli görüşləri Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi adlandırıb.

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Richard Gallagherin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-dan Azərbaycandadır. Səfərin fevralın 12-nə kimi davam edəcəyi bildirilir.

Bu səfər çərçivəsində O, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə də görüşməlidir. Onun Fəxri Xiyabanda, Şəhidlər Xiyabanında, Müqəddəs Məryəm Katolik kilsəsində və Təzəpir Məscidində olacağı da gözlənir.