21:39, 27 Mart 2018 (Çərşənbə axşamı) 251

Ukraynalı jurnalist casusluq ittihamın rədd edir

Ukraynalı jurnalist casusluq ittihamın rədd edir
Rusiyanın casusluqda ittiham etdiyi ukraynalı jurnalist Roman Suşenko Moskvada başlanan məhkəməsində təqsirsiz olduğunu deyib. İnsan haqları fəalları bu işi siyasi motivli sayırlar.

Jurnalistin vəkili Mark Feigin Twitter-də yazıb ki, proses martın 27-də Moskva Şəhər Məhkəməsində başlanıb.

Ukrinform xəbər agentliyinin Parisdəki əməkdaşı Suşenko 2016-cı ildə Moskvada saxlanıb, məxfi informasiya toplamaqda şübhəli bilinib.

Rəsmi Kiyev və insan haqları fəalları Rusiyanın bir neçə ukraynalını qondarma, siyasi ittihamla həbsə atdığını bildirir. Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib və o vaxtdan Ukraynanın şərqindəki silahlı separatçıları dəstəkləyib.

Bir il öncə Avropa Parlamenti Rusiyanı həbsdə olan, yaxud azadlığı məhdudlaşdırılmış 30-dan çox Ukrayna vətəndaşını azad etməyə çağırıb. Siyahıda Suşenko və kinorejissor, terror hücumları planlaşdırmaqda təqsirli bilinərək 20 illik həbsə məhkum edilmiş Oleh Sentsov da var.