11:57, 13 Mart 2018 (Çərşənbə axşamı) 121

Ukraynada rusiyayönlülərin evlərində axtarışlar aparılır

Ukraynada rusiyayönlülərin evlərində axtarışlar aparılır

Ukraynanın milli təhlükəsizlik xidməti SBU anti-Ukrayna hərəkətlərində şübhəli bilinən şəxslərin evlərində axtarışlar keçirir.

Bu barədə SBU-nun sözçüsü Yelena Gitlyanskaya məlumat verib. O deyib ki, ümumilikdə 25 axtarış əməliyyatı həyata keçirilib.

Axtarış əməliyyatları zamanı təbliğat materiallarının, silah və partladıcı maddələrin tapıldığı bildirilir.

Ukrayna mediasının verdiyi məlumata görə Kiyev jurnalisti Yuri Lukaşinin evində də axtrarış aparılıb.

Lukaşin Ukraynaya qarşı "informasiya təcavüzündə” ittiham olunur. Gitlyanskaya deyib ki, insanın peşəsi ona antidövlət hərəkətlərində toxunulmazlıq verə bilməz.

Fevral ayında Ukrayna prezidenti Petro Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu imzalayıb.

Bu qanuna görə Donetsk və Luqansk vilayətlərinin Kiyevə tabe olmayan hissələri "işğal olunmuş ərazilər” kimi təsbit edilir.

Bu qanunda Rusiya təcavüzkar elan edilir. Qanunda deyilir ki, bu ərazilərdə insan haqlarının pozulmasının məsuliyyəti tamamilə Rusiya Federasiyasının üzərinə düşür.

Moskva isə bildirir ki, bu qanun Ukraynanın şərqindəki münaqişənin çözümünə dair Minsk razılaşmalarının icrasına təhlükə yaradır.

Azadlıq Radiosu