16:06, 26 Fevral 2018 (Bazar ertəsi) 107

Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşula bilər

Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşula bilər
«Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır».

Azərbaycanın energetika naziri Pərviz Şahbazov AZƏRTAC-a müsahibəsində belə deyib.

Nazir bu barədə danışıqların uzun müddətdir getdiyini bildirib:

«Bununla bağlı xüsusi formatlar var. Bu formatdan biri də Avropa Birliyinin Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Cənub Qaz Dəhlizinin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan prezidentinin müşavirinin iştirakını bu marağın göstəricisi saymaq olar».

Nazir Türkmənistanın qaz kəmərinə marağının çox müsbət hal olduğunu ifadə edib.

«Hazırda biz Türkmənistanla uğurlu əməkdaşlıq edirik. Məsələn, türkmən nefti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var», -nazir vurğulayıb.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənilir.

Bu layihə çərçivəsində hasil ediləcək qaz ünvanlara Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya qədər 3 min 500 kilometrdən artıq uzanan boru vasitəsilə çatdırılacaq.