18:40, 10 May 2018 (Cümə axşamı) 113

Türkiyə "tamam", yoxsa "davam" deyəcək?

Türkiyə
"Bu, kampaniya müəyyən qədər səsin azalmasına təsir edəcək”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Əgər bir gün millətimiz "tamam" desə, ancaq o zaman kənara çəkiləcəyik" sözlərindən qısa müddət sonra sosial mediada #TAMAM haştağı dünya trendlərinin ən üst sıralarına çıxıb.

Bəs bu aksiya prezident seçkilərində Ərdoğanın seçici itirməsinə səbəb olacaqmı?  

Siyasi şərhçi Elxan Şahinoğlu düşünür ki, aksiya real həyatda deyil, sosial şəbəkədə keçirildiyinə görə seçkilərdə səs faizinə çox az təsir göstərəcək: "Sosial şəbəkələrdə bu aksiya getdikcə genişlənir, ancaq sosial şəbəkələrlə real həyatda keçirilən aksiyalar fərqlidir. Türkiyədə aparılan aksiya müəyyən qədər səsə təsir etsə də, birinci tur olmasa belə böyük ehtimalla Ərdoğan ikinci turda seçiləcək. Müxalifət də xeyli fəallaşıb, sosial şəbəkələrdə də fəallıq artıb, bu, müəyyən qədər səsin azalmasına təsir edəcək”. 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli də hesab edir ki, sosial şəbəkələrlə real həyatda keçirilən aksiyaların böyük fərqi var: "Təxminən 5-6 il olar ki, Türkiyə ictimaiyyətində AKP və onun tərəfdarları, o cümlədən Ərdoğanın tərəfdarları sosial media istifadəsində xeyli zəifdilər. Konkret olaraq "Facebook” və "Twitter” üzərindən aparılan kampaniyalarda AKP xeyli dərəcədə uduzur. Bu məsələnin seçkilərə təsirini nümunələrlə bilmək olar". 

"2013-cü ilin Gəzi parkı olayında sosial mediada Gəzi parkının sökülməsi ilə bağlı etirazlara çox ciddi yer verilirdi və demək olar ki, AKP bu məsələdə xeyli uduzurdu. Buna rəğmən sonrakı seçkilərdə - istər 2014-cü ildə, istərsə də 2015-ci ilin seçkilərində AKP-çilər kifayət qədər səs toplamışdılar. Ən sonuncu 2017-ci ildə keçirilən referendum seçkilərində "Hayır” və "Evet” kampaniyasında Ərdoğan və partiyası "Evet”dən yana idi. Dünya miqyasında referenduma qarşı kampaniya çox böyük idi və sosial şəbəkəyə baxdıqda elə görünürdü ki, "Hayır” cəbhəsi qalib gələcək, ancaq sonda gördük ki, qalib gəlmədi. Türkiyədə media boğulur, Ərdoğan televiziyanı və qəzeti nəzarətə götürüb, belə bir məqamda "Facebook” və "Twitter” böyük bir faktordu, amma seçki günü bu faktor özünü çox göstərə bilmir”, - o bildirib. 

Lalə İsgəndərli
Toplum.Tv