13:49, 13 Fevral 2018 (Çərşənbə axşamı) 2074

Türkiyə Suriyada nə qazandı: Afrindən sonra Menbiç?.. - ŞƏRH

Türkiyə Suriyada nə qazandı: Afrindən sonra Menbiç?.. - ŞƏRH
Türkiyə Silahlı Qüvvələri 24 gündür davam edən Afrin əməliyyatları ilə bağlı hesabat yayıb. 

Yanvarın 20-dən başlanan əməliyyatlar zamanı 31 türk əsgəri həlak olub, 143-ü yaralanıb. 

Eyni zamanda 627 hədəf məhv edilib, 1369 terrorçu öldürülüb. 33-ü kənd olmaqla 51 məntəqə terrorçulardan azad edilib.

"Ərdoğan Afrindən sonra hədəfin Menbiç olacağını söyləyir”

Afrin əməliyyatını şərh edən politoloq Şahin Cəfərli  deyir ki, bu, mahiyyət etibarilə hücum yox, müdafiə əməliyyatıdır: "ABŞ-ın himayəsindəki PYD-YPG-nin timsalında kürdlər Türkiyə sərhədləri boyunca uzanan, "Demokratik Muxtar İdarəçilik” elan etdikləri 3 kantonu - şərqdə Cəzirə, mərkəzdə Kobani, qərbdə Afrini birləşdirməyi və mümkün olarsa, Aralıq dənizinə çıxmağı strateji hədəf kimi qoymuş və bunu gerçəkləşdirməyə yaxınlaşmışdı. Ərəblərin çoxluqda olduğu Menbiç nəzarətə götürülərək digər 2 kantondan ayrı düşmüş Afrin anklavına yol açılmışdı. Türkiyə əvvəlcə "Fərat qalxanı” əməliyyatı ilə Azez-Cerablus - Əl Bab istiqamətində nəzarətini təmin edərək Menbiç-Afrin xəttini kəsdi, lakin təhlükə aradan qalxmadı. Çünki Əsəd Hələbi geri aldıqdan sonra Hələb-Afrin yolu açıldı və kürdlər Menbiçdən cənuba enərək bu yol vasitəsilə qərbdəki Afrinə yenidən çıxış əldə etdilər. "Zeytun budağı” əməliyyatında məqsəd Hələb-Afrin yolunu da nəzarətə götürmək və ümumilikdə Afrində YPG-ni zərərsizləşdirərək kantonların birləşməsi ehtimalını ortadan qaldırmaqdır. Amma təhlükəni tamamilə sovuşdurmaq üçün YPG-nin yaxınlıqdakı Menbiçdən də (Fərat çayının şərq hissəsi) çıxarılması lazımdır və Ərdoğan məhz bu səbəblə Afrindən sonra hədəfin Menbiç olacağını söyləyir”. 
 
 

Türkiyənin diplomatik uğuru

Şahin Cəfərli deyir ki, Afrində hərbi mövcudiyyəti olan Rusiyanın, eləcə də həmin ərazidə əsgəri olmayan ABŞ-ın əməliyyata etiraz etməməsinə və göz yummasına nail olunmasını Ankaranın diplomatik uğuru kimi qiymətləndirmək mümkündür: 

"ABŞ-la bərabər Rusiya da PYD-YPG ilə çox yaxın əlaqələrə malikdir, hətta Moskvada bu qruplaşmanın, yəni dolayısı ilə PKK terror təşkilatının rəsmi nümayəndəliyi var. Lakin PYD-YPG-nin Rakka əməliyyatından üzübəri ABŞ-la müttəfiqliyi dərinləşdirməsi və Suriyada ABŞ təsirinin genişlənməsində əsas alətə çevrilməsi, eləcə də, son olaraq ABŞ-ın kürdlərdən ibarət "Sərhəd təhlükəsizlik qüvvələri” yaradacağı barədə xəbərlər Rusiyanı narazı saldı. Moskvanın kürdlərdən Afrini Suriya mərkəzi hökumətinə təhvil vermələrini istədiyi, bu halda onları qoruyacaqlarını vəd etdiyi, lakin kürdlərin bundan imtina etdiyi barədə məlumatlar var. Bütün bunlar rusları qıcıqlandıran və onları Türkiyə ilə anlaşmağa sövq edən amillər idi”.

"Türkiyə əlini gücləndirməyə çalışır”

Şahin Cəfərli hesab edir ki, Türkiyənin Afrin əməliyyatında məqsədi cənub sərhədlərində onu Orta Şərqdən ayıracaq kürd dəhlizinin yaranmasına yol verməməklə bərabər, həm də Suriya məsələsinin həllində söz sahibi olmaqdan ibarətdir:

"Bu il problemin siyasi yolla həlli üzrə masanın qurulacağı ildir. Bütün tərəflər, o cümlədən Türkiyə, masaya oturmadan öncə mümkün qədər əlini gücləndirməyə çalışır. Türkiyə nəzarət etdiyi əraziləri əvvəl-axır Suriya hökumətinə təhvil verəcək, lakin bunu möhkəm qarantiyalar aldıqdan sonra etmək niyyətindədir. Bu qarantiyaları ala bilmək üçün sahədə, yəni ərazidə varlığını davam etdirməsi və genişləndirməsi zəruridir. ABŞ Türkiyə ilə böhran vəziyyətində olan münasibətlərində qırılma yaşanmaması üçün Afrin əməliyyatına etiraz etmədi. Pentaqon rəhbəri və NATO tərəfindən Türkiyənin özünümüdafiə haqqına hörmət ifadə edilməsini əməliyyata ehtiyatlı dəstək kimi də qəbul etmək olar. Lakin Türkiyə Menbiçə doğru hərəkətə başlayarsa, iki ölkənin münasibətləri yenidən sınağa çəkiləcək. Fransa isə bölgədə Əsəd xaricində yeganə sekulyar güc olan kürdlərin əzilməsini istəmir. İranla yanaşı, regiondakı əks qütbün də (Səudiyyə-BƏƏ-Misir) rəsmi Qahirənin timsalında Türkiyənin Afrin əməliyyatına qarşı səsini ucaltmasını diqqətdən qaçırmaq olmaz. Ərəb ittifaqının qarşıdakı dövrdə həm ərazidə, həm də masada kürdlərə dəstək verəcəkləri gözləniləndir. Türkiyənin hazırkı addımlarına göz yummasına baxmayaraq, ABŞ-ın kürdlərdən vaz keçəcəyini gözləmək də gerçəkçi olmaz, çünki kürdlərlə ittifaq ABŞ-ın Suriyada var olmasını təmin edən və bu mövcudluğa az-çox legitimlik qazandıran yeganə amildir. İranın təsirinin genişlənməsinə yol verməmək, İsrailin təhlükəsizliyinə olan riskləri aradan qaldırmaq kimi vəzifələrin icrası üçün kürdlərlə müttəfiqlik Amerikaya lazımdır. Amma digər tərəfdən, Türkiyənin önəmi "soyuq müharibə” dövrü ilə müqayisədə azalsa da, ABŞ bu ölkədən də vaz keçmək, dostu düşmənə çevirmək istəmir”.

"Zəif Türkiyə regionda daha güclü İran mənasına gəlir”

Siyasi şərhçi Fərhad Mehdiyev isə Türkiyənin Afrin əməliyyatında böyük uğur qazanmadığını vurğulayıb:
 

"Türkiyənin Afrin əməliyyatında tutduğu ərazinin miqyası ilə müqayisədə 31 nəfər insan itkisi çoxdur. Çünki müasir və böyük dövlətlər canlı qüvvə itkisinə xeyli diqqət yetirirlər. Məsələ bundadır ki, xarici qüvvələr Türkiyənin bataqlığa daha çox batmasını istəyir. Türkiyə irəliləyəndə olduqca ehtiyatlı olmalıdır. Rusiya, İran, ABŞ Türkiyənin orada məğlub olmasını istəyər. Yəni Türkiyənin bu regionda qalib olmasını istəyən heç bir qüvvə mövcud deyil. Demirəm, Rusiya istəyir ki, kürdlər Suriyanın şimalında müstəqillik qazansınlar. Amma ruslar kürdləri kontrol eləyə bilir, lakin ruslar həmişə istəyərdi ki, Türkiyə həmin əraziyə girsin, daha da zəifləsin. Çünki Türkiyənin zəifləməsin onun Rusiyanın qucağına düşməsinə şərait yaradır. Amerikanın burada qazancı odur ki, hazırkı durumda Türkiyə zəiflədikdən sonra ABŞ-ın yaxın şərqdəki kürd dövlətini yaratmaq planı daha asan reallaşa bilir. İran da Türkiyənin zəifləməsində maraqlıdır. Çünki zəif Türkiyə regionda daha güclü İran mənasına gəlir. Türkiyənin Afrində vurulma ehtimalları çox yüksəkdir. Çünki havadan dəstək olmayanda quru əməliyyatını rahat apara bilmirsiniz. Hazırda Türkiyə təyyarələrdən istifadə etmədən, quru qoşunları ilə irəliləməyə çalışır və itkilərinin də çox olması bununla əlaqəlidir". 

"Türkiyənin Afrin əməliyyatındakı uğurları odur ki, PYD-dən təmizlədiyi torpaqların sahəsi genişlənir, bunu da daha sonra Azad Suriya Ordusuna verir. Suriya müharibəsinin başlanğıcından bəri Türkiyənin hədəfi azad Suriya ordusunun dəstəkləməkdir. Hazırda azad Suriya ordusu daha da qüvvətlənir, çünki tutduğu ərazi genişlənir, Türkiyə də ona eyni zamanda dəstək verir. Bu işdə udan iki tərəf var: birincisi, ABŞ, ikincisi isə Azad Suriya Ordusudur. Digər tərəflərin aqibətini isə zaman göstərəcək”.

Ofelya Ramilqızı 
Toplum.Tv