14:33, 04 Yanvar 2017 (Çərşənbə) 175

Trump mətbuat konfransını təxirə saldı

Trump mətbuat konfransını təxirə saldı
ABŞ-ın kəşfiyyat orqanlarının yeni prezident Donald Trump-ı rus hakerlərinin mümkün hücumu haqda hələ də bilgiləndirməməsi onu bir az da şübhələndirib.

Dünən – yanvarın 3-də D.Trump mətbuat qarşısına çıxmalı, rus hakerlərinin seçkiyə müdaxiləsi haqda danışmalıydı. O, hətta hamının bilmədiyi, ancaq ona bəlli bəzi məqamları açıqlayacağına söz vermişdi. Amma bu gün Qərb mətbuatı D.Trump-ın mətbuat konfransının yenə ertələndiyini yazır.

"Reuters" agentliyi D.Trump-ın Twitter səhifəsindəki statuslarına istinad edərək, onun kəşfiyyatdan almalı olduğu bilgilərin gecikdiyini, yeni prezidenti məlumatlandırmanın cümə gününə saxlandığını xəbər verir.

"ÇOX ŞÜBHƏLİDİR"

Twitter-də çıxışında D.Trump Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı şübhələrini təkrarlayıb. Onun sözlərinə görə, müşavirləri də demokratların Rusiyanı qəsdən suçladığını, onun seçkidə qələbəsini şübhə altında qoymağa çalışdığını düşünürlər.

"Kəşfiyyatın "rus hakerlərinin hücumu" haqda məlumatı cümə gününə saxlanıb. Yəqin nə isə quraşdırmaqdan ötrü əlavə vaxt lazımdır. Çox şübhəlidir!". D.Trump-ın son Twitter yazılarından biri belədir.

"Reuters" agentliyi D.Trump-ın məlumatlandırılmasının öncədən dəqiq nə vaxta təyin olunduğunu öyrənməyə çalışıb. Ağ ev bu suala hələ cavab verməyib.

D.Trump özü keçən həftəsonu bu həftənin ya çərşənbə axşamı, ya da çərşənbə günü məsələni müzakirəyə çıxaracağını elan etmişdi. Twitter-də çıxışlarından belə çıxır ki, o, kəşfiyyat rəsmilərindən ətraflı bilgi almadan bu haqda danışmaq niyyətində deyil.

MƏTBUAT KONFRANSI YANVARIN 11-NƏ QALIB

Bir az öncə yeni prezident Twitter-də seçiləndən bəri keçirəcəyi ilk mətbuat konfransının tarixini açıqlayıb. Konfrans yanvarın 11-də Nyu-Yorkda olacaq. D.Trump-ın mətbuatla görüşdə, əsasən, biznes planlarından danışacağı, həm də Rusiyanın səsvermə prosesinə müdaxiləsi haqda ittihamlara toxunacağı gözlənir.

ABŞ kəşfiyyatı rus hakerlərin seçkiyə müdaxiləsinə, D.Trump-ın qələbəsinə yardım etdiyinə əmin olduğunu bildirir.

ABŞ prezidenti Barack Obama ittihamların tam təsdiqləndiyini deyərək, Kremli cəzalandıracaqlarını elan edib, hətta bir neçə gün əvvəl ABŞ-dakı rus diplomatlarının ölkədən qovulması haqda qərar verdi.

Keçən həftə Floridada jurnalistlərlə görüşündə D.Trump hücumlara görə kimin məsuliyyət daşıdığının hələ sual altında olduğunu söyləyib. Onun sözlərinə görə, indi istənilən kompüter haker hücumuna məruz qala bilər. «Çox vacib məsələdirsə, yazdığınızı köhnə yolla – kuryer vasitəsilə göndərin», – deyən yeni prezident ittihamları vecinə almadığını bildirib.