12:07, 15 Fevral 2018 (Cümə axşamı) 239

Trampdan mühacirət qanununun təsdiqi barədə çağırış

Trampdan mühacirət qanununun təsdiqi barədə çağırış
ABŞ prezidenti Donald Tramp Senatı respublikaçı senator Çarls Qrasslinin dəstəklədiyi mühacirətə dair qanun layihəsini təsdiq etməyə çağırıb.

Qanun layihəsində ABŞ-a uşaq yaşlarında gəlib, ölkədə qeyri-qanuni olaraq qalan 1.8 milyona qədər gəncin vətəndaşlıq almasına imkan verilməsi nəzərdə tutulur. Bununla yanaşı, mühacirət islahatları sərhəd təhlükəsizliyinə 25 milyard dollar məbləğində vəsaitin ayılmasını, ailə əsaslı mühacirətin məhdudlaşdırılması və viza lotereya proqramının məhdudlaşdırılaraq, "qabiliyyətlərə əsaslanması” kimi ölçüləri əhatə edir.

Ağ Evin açıqladığı bəyanatda Tramp senatorları "qısa müddətli, müvəqqəti” həll yollarını rədd edib, Amerika xalqı üçün məsuliyyətli mühacirət islahatlarını qəbul etməyə çağırıb.

Senatda mühacirət islahatları ilə bağlı müzakirələr bazar ertəsi başlayıb. Təkliflərlə bağlı səsvermənin çərşənbə günü keçiriləcəyi gözlənilir. Senatda respublikaçı əksəriyyətin lideri, senator Mitç Makkonnell mühacirətlə bağlı debatları bu həftə yekunlaşdırmaq istədiyinə işarə edib və demokratları sənədin qəbulunu lazımsız şəkildə ləngitməkdə ittiham edib.

Demokrat azlığın lideri, senator Çak Şumer Makkonnellin "sığınacaq şəhərlər” kimi tanınan bələdiyyərə məhdudiyyətlərlə bağlı qanunu müzakirəyə çıxarmasına etiraz edib. Bu şəhərlərin bələdiyyələri sənədləri olmayan mühacirlərin tanınması və təhvil verilməsində federal rəsmilərlə iş birliyi aparmaqdan imtina edir.

Yüz minlərlə gənc mühacir keçmiş prezident Barak Obamanın proqramına əsasən ABŞ-da müvvəqqi işləmək və təhsil almaq icazəsi alıb. Prezident Tramp uşaq yaşlarında ABŞ-a gələnlərlə bağlı təxirə salınmış icra proqramını (DACA-Deferred Action for Childhood Arrivals) keçən il ləğv edib.

Tramp proqramın sona çatması üçün martın 5-nə qədər vaxt qoyub. Konqres qərar qəbul etməsə, proqramdan faydalanan şəxslər deportasiya edilmək təhlükəsi qarşısında qala bilər.