13:54, 05 Fevral 2019 (Çərşənbə axşamı) 152

Tramp Madruronu hərbi müdaxilə ilə hədələdi

Tramp Madruronu hərbi müdaxilə ilə hədələdi


/ DÜNYA
Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və digər Avropa ölkələri rəsmi olaraq müxalifət lideri Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyıb.
 

Avropa Birliyinə üzv olan 28 ölkə Nikolas Maduroya 4 fevrala qədər növbədənkənar prezident seçkiləri çağırışı üçün vaxt vermişdilər. 

Tələb yerinə yetirilməzsə, həmin ölkələr Quaydoya dəstək verəcəklərini açıqlamışdılar.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov isə bunu Venesuelanın daxili işinə müdaxilə kimi qiymətləndirib: "AB ölkələrinin Quaydonu Venesuelanın müvəqqəti dövlət başçısı olaraq tanımaları iqtidarın qeyri-qanuni olaraq ələ keçirilməsini qanuniləşdirmədir. Bu, Venesuelanın daxili işlərinə müdaxilədir”.

ABŞ prezidenti Donald Tramp isə yerli CBS televiziyasına verdiyi müsahibədə Venesuelaya qarşı hərbi müdaxilə variantının da masa üstündə olduğunu vurğulayıb. 

D.Tramp, "Kimsənin daxili işlərimizə qarışmasını istəmirik və ölkəmizi qorumaq adına lazımlı hazırlıqlarımızı edirik",- deyə bildirib.
 
Nikolas Maduro isə dünən axşam Venesuelanın dövlət televiziyasına verdiyi müsahibədə: "Ultimatumlara boyun əymərik", -deyib və erkən seçkiyə gedilməyəcəyini söyləyib. 

O, hərbi hərəkatla bağlı Trampı xəbərdar edib  və "Vyetnamda etdiyiniz səhvi təkrarlamayın," - deyib.

Venesuelanın dövlət neft şirkətinə sanksiya tətbiq edən Trampı hədəf alan Maduro deyib ki, "Ağ Ev əlini qana batırıb". 

Maduro, ölkəsinin vətəndaş müharibəsinə gedə biləcəyini istisna etməyib: 
"Bu gün kimsə bu suala dəqiq bir cavab verə bilməz. Hər şey şimaldakı imperiya (ABŞ) ilə müttəfiqlərinin dəlilik və təcavüzkarlıq səviyyəsinə bağlı olacaq".

Venesuela ordusu isə Maduronu dəstəkləməyə davam edir. 

Ancaq fevralın 2-də Hava Qüvvələrinin generalı Francisco Yanez istefa edərək, özünü müvəqqəti prezident elan edən Quaydonu dəstəklədiyini açıqlayıb. 

Yanez bu günə qədər müxalifəti dəstəkləyən ən üst səviyyəli hərbçidir.

Əbülfət Baxşəliyev
Toplum Tv