17:26, 28 Yanvar 2019 (Bazar ertəsi) 137

Tramp avropalılara xəbərdarlıq edir

Tramp avropalılara xəbərdarlıq edir


/ DÜNYA
Tramp administrasiyası Avropanın İranla biznesi asanlaşdırmaqdan ötrü alternativ ödəniş kanalı yaratması cəhdlərini yaxından izləyir. 

Avropa bununla Birləşmiş Ştatların İslam respublikasına qarşı tətbiq etdiyi sanskiyaların pozulmamasının yolunu tapmağa çalışır.

"The Associated Press” agentliyi Ağ evin avropalılara xəbərdarlıq etdiyini yazır. Onlara bildirilib ki, ABŞ-ın İrana sanksiyalarına "kələk gəlmək” fikrinə düşsələr, ağır cərimələrə məruz qalacaqlar.

Amma Avropa Birliyi planın gerşəkləşdirilməsinə doğru irəliləməkdədir. Plan gerçəkləşərsə, trans-Atlantik münasibətləri daha da gərginləşdirə bilər.

AB-nin xarici siyasət rəhbəri Federika Mogherininin sözçüsü deyib ki, alternativ sistemə hazırlıqlar "irəliləyən mərhələdədir”.

Administrasiyanın aparıcı rəsmisi ötən cümə günü agentliyə söyləyib ki, Birləşmiş Ştatlar sanksiyalarını qüvvədə saxlayacaq, onları pozan fərdlər və qurumlardan hesab soracaq. Rəsmi adının çəkilməməsi şərtilə danışıb.

"İranla yoxsa Birləşmiş Ştatlarla iş görmək arasında seçim edilməlidir. Ümid edirəm, avropalı müttəfiqlər ağıllı seçim edəcəklər”, – respublikaçı senator Tom Kotton AP-yə deyib.

2015-ci ildə ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və Britaniya İranla nüvə sazişini imzalayıb. Saziş Tehranın nüvə silahları proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Prezident Tramp isə bu sənədi "dəhşətli, birtərəfli” adlandırıb, ötən mayda ondan çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

İran nüvə sazişinə əməl etdiyini, nüvə silahları hazırlamağa çalışmadığını deyir. Hazırda sənədə imza atmış digər beş ölkə onu qüvvədə saxlamağa çalışır.

Birləşmiş Ştatlar alternativ ödəniş sistemindən narahatdır. Bunu administrasiyanın anonimlik şərtilə danışan müşaviri deyib. ABŞ-ın uzunmüddətli narahatlığı ondan ibarətdir ki, alternativ ödəniş sistemi uğur qazana, SWIFT adlı beynəlxalq bank transfer sistemilə rəqabət apara bilər.

İkincisi, müşavirin deməsinə görə, ABŞ narahatdır ki, digər ölkələr sanksiyalardan yayınmaqdan ötrü Avropanın bu sistemi vasitəsilə tranzaksiyalar apara bilərlər.

Üçüncüsü, avropalıların alternativ pul transferi sisteminin yalnız humanitar məqsədlərlə istifadə olunacağını deməsinə baxmayaraq, ABŞ onun qeyri-humanitar tranzaksiyalarda da istifadə oluna biləcəyindən şübhələnir.

Administrasiya İrana qarşı sanksiyalar kampaniyasını güclü təbliğ edir, İranın təhdidlərilə mübarizə məqsədilə gələn ay Polşayla birgə konfrans keçirməyə hazırlaşır.

Azadlıq Radiosu