12:15, 14 Fevral 2018 (Çərşənbə) 260

Ötən il xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Ötən il xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24 257,6 mln. dollar, o cümlədən ixracın dəyəri 15 475,6 mln. dollar, idxalın dəyəri 8 782,0 mln. dollar təşkil edib, nəticədə 6 693,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3% artıb, real ifadədə isə 10,7%, o cümlədən ixrac 7,1%, idxal 16,1% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,9%-ni İtaliyaya, 9,9%-ni Türkiyəyə, 4,6%-ni İsrailə, 4,3%-ni Rusiyaya, 4,0%-ni Çexiyaya, 3,9%-ni Kanadaya, hər biri 3,4% olmaqla Gürcüstan və İndoneziyaya, 3,3%-i Almaniyaya, hər biri 3,2% olmaqla Portuqaliya və Çinə, 2,6%-ni Hindistana, 2,5%-ni Ukraynaya, 2,4%-ni Fransaya, qalan 17,4%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

İdxal olunmuş məhsulların ümumi dəyərinin 17,7%-i Rusiya, 14,5%-i Türkiyə, 9,7%-i Çin, 8,2%-i ABŞ, 5,2%-i Ukrayna, 5,1%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,0%-i Braziliya, 1,9%-i Yaponiya, hər biri 1,8% olmaqla Norveç və Fransa, 23,1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2017-ci ilin yanvar-dekabr aylarında 1 538,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4%, real ifadədə isə 22,2% çoxdur.

2017-ci ilin yanvar-dekabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,6%, təzə tərəvəz 84,5%, kartof 50,7%, tütün 2,1 dəfə, meyvə və tərəvəz şirələri 57,3%, çay 52,5%, təbii üzüm şərabları və üzüm suslosu 97,9%, meyvə və tərəvəz konservləri 3,2%, qara metallardan borular 2,2%, pambıq lifi 4,3 dəfə, bentonit gili 2,9 dəfə artıb, şəkər ixracı isə 43,5%, bitki yağları 7,4%, marqarin, qida üçün yararlı digər qarışıqlar 11,3%, polietilen 10,9%, emal olunmamış alüminium 27,2%, qara metallardan yarımfabrikatlar 49,7%, pambıq ipliyi 24,9% azalıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-dekabr aylarında xam şəkər və şəkər idxalı 1,0%, təzə meyvə 3,8%, çay 7,7%, quş əti və onun əlavə məhsulları 5,7%, mal əti  76,0%, siqaret  18,6%, minik avtomobilləri 2,3 dəfə, polad prokatı 5,6%, hesablama maşınları, blok və qurğuları 44,0%, rezin şinlər 35,0%, qara metallardan çubuqlar 10,7%, mineral gübrələr 8,2%, polietilen 4,5%, paltaryuyan maşınlar 63,4%, qara metallardan künclüklər 22,2%, məişət kondisionerləri 24,2%, yük avtomobilləri 2,1 dəfə, avtobuslar 94,8% artıb, buğda idxalı isə 20,3%, bitki yağları 5,3%, kərə yağı, digər süd yağları və pastaları 3,9%, kartof 12,3%, təzə tərəvəz 38,8%, qara metallardan borular 41,8%, mebel 20,5%, sement və sement klinkerləri 91,9%, məişət soyuducuları 0,8% azalıb.