19:24, 16 Aprel 2018 (Bazar ertəsi) 136

"Telegram" Rusiyada bloklanıb

Rusiyanın dövlət media tənzimləyicisi olan Roskomnadzor internet provayderlərə göstəriş verib ki, Telegram mobil mesajlaşma əlavəsinə girişi məhdudlaşdırmağa başlasınlar. 

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, aprelin 16-da aparıcı internet provayderləri olan Beeline, Megafon, Yota, MTS və Tele2-nin müştəriləri artıq "Telegram"a girə bilmədiklərini, blokadanı yarmaqdan ötrü VPN-dən istifadə etdiklərini deyiblər.

Roskomnadzor rəhbəri Aleksandr Zharov-un sözlərinə görə, "Telegram"ın blokadasını yarmaq üçün istifadə olunan alətlərə qarşı hüquq çərçivəsində tədbirlər görüləcək”.

Zharov deyib ki, rəhbərlik etdiyi qurum ABŞ-da yerləşən Apple şirkətinin App store-dan, Alphabet-dən isə Google Play-dən Telegram tətbiqetməsini silmələrini rəsmən istəyəcək.

Aprelin 16-da "Telegram"ı təmsil edən hüquq müdafiəçisi və vəkil Pavel Chikov deyib ki, vəkillər bağlanmanı bir neçə ay ertələyə biliblər, bu da bütün dünyada durum barədə maarifləndirmə aparılmasına yardım göstərib.

Telegram-ı Durov qardaşları 2013-cü ildə yaradıb və bütün dünyada 200 milyondan çox istifadəçisi var.

Bu mobil mesajlaşma əlavəsi istifadəçilərin yazışmalarının kənardan oxunmasına imkan vermir.

Rusiyalı fəallar və hökumət tənqidçiləri Telegram və digər sosial media vasitəsilə antihökumət nümayişləri haqda informasiya, prezident Vladimir Putin və yaxın dostları barədə korrupsiya iddialarını yayıblar.