19:25, 23 May 2018 (Çərşənbə) 249

"Təhsilə nəzarət edən neytral bir dövlət qurumuna ehtiyac var" - Ekspert

Mayın 22-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsi iclas keçirib. 

İclasda "Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Qanun layihəsinin əsas anlayışlar hissəsinə 1.0.55 (Təhsil xidmətləri) maddəsi əlavə edilir.

Layihədə bildirilir ki, icra hakimiyyətinin müəyyən edəcəyi orqan tərəfindən təhsilə nəzarət olunacaq. 

Təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi, təhsil müəssisəsində tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi , eyni zamanda Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, ilk peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlxalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlərdir. 

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, təhsilə nəzarət edən dövlət qurumunun olması zərurətdir: "Bu gün ölkədə əhatə dairəsinə görə ən böyük yeri təhsil tutur. Belə ki, 54 ali təhsil müəssisələrdə 164 min tələbə təhsil alır və onlara 25 mində qədər müəllim elmin sirlərini öyrədir. 4472 orta məktəbdə 1.5 milyon şagirdə 151 min müəllim dərs keçir. Bundan başqa, məktəbəqədər təhsil, orta ixtisas təhsili, peşə təhsili müəssisələri, Elmlər Akademiyası və digər sahələr üzrə elmi tədqiqat mərkəzləri var. Dövlət büdcəsinin də ən böyük hissəsi ordudan sonra bu sahəyə ayrılır. 

Təəssüflər olsun ki, bu qədər geniş imkanlara baxmayaraq, bizim təhsil müəssisələrimiz dünya miqyasında tanınmır, reytinqə malik deyil. Məhz bu səbəblərə görə təhsilə nəzarət edən neytral bir dövlət qurumuna ehtiyac var. Onlar təhsil siyasətini həyata keçirən orqanlara nəzarət etməli, hesabat tələb etməlidir”.

Lalə İsgəndərli
Toplum.Tv