16:17, 14 Fevral 2018 (Çərşənbə) 1842

Təhsil üçün Macarıstana üz tutan azərbaycanlı gənclər - FOTO

Təhsil üçün Macarıstana üz tutan azərbaycanlı gənclər - FOTO
Züleyxa Şirinova son zamanlar Macarıstanda təhsil almış onlarla gəncdən biridir. 

Züleyxa bakalavr dərəcəsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər üzrə başa vurub. 

2017-ci ildə magistr təhsilini Macarıstanın Corvinus Universitetinin dövlət (ictimai) siyasəti və idarəetmə ixtisası üzrə tamamlayıb. 

Züleyxa Toplum.Tv-yə deyir ki, 2014-cü ildə bakalvr təhsilini bitirəndə Avstraliyanın prestijli universitetlərindən birindən qəbul alıb. Ancaq təqaüd şansının olmaması növbəti il ərzində bütün təqaüd proqramlarını aşkarlayıb müraciət etməyinə səbəb olub: "Yayda Almaniya üçün bütün hazırlıqları tamamlamağımın astanasında idim. Macarıstan hökumətinin ayırdığı təqaüd proqramını qazandığım xəbərini alanda fikrimi dəyişib, Budapeşti seçdim və bura köçdüm. Kəskin fikir dəyişikliyinə səbəb olan faktorlardan biri də Vişeqrad qrupu ölkələrinin (bura Çexiya, Slovakiya, Macarıstan və Polşa daxildir) tarix, mədəniyyət və əhalisi ilə yaxından tanışlığım oldu”. 

Macarıstanda təhsil necədir?

Züleyxa danışır ki, Macarıstan təhsil baxımından qədim ənənələrə malikdir. Burada ilk universitet XIV əsrdə Peç şəhərində yaradılıb: "Hazırda ölkədə  66 universitet fəaliyyət göstərir ki, bunun da 29-nun maliyyələşdirilməsi dövlətin payına düşür. Əsas etibarilə macar dili hakim olsa da, ingilis və alman dillərində də təhsil proqramları mövcuddur”. 

"BeTimes Higher Education”, ARWU, QS kimi beynəlxalq reytinq cədvəllərində universitetlərin sıralamasına  nəzər yetirdikdə, Macarıstanda yerləşən Mərkəzi Avropa Universiteti, Corvinus Universiteti, Szeged Universiteti, ELTE, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Debreçen Universiteti və s. adlarına rast gəlmək mümkündür. 

Züleyxanın təhsil aldığı Budapeştdə yerləşən Corvinus Universiteti biznes, idarəetmə, iqtisadiyyat və sosial elmlər üzrə ölkənin ən güclü dövlət universitetidir. 15,000 tələbə burada təhsil alır:

"Əsas binası UNESCO Dünya Mədəni İrsi siyahısında yer alsa da, tələbələr əsasən vaxtını müasir avadanlıqlarla təchiz edilmiş kitabxanada keçirir. Yeri gəlmişkən, kitabxanamız zəngin resurslara malik olan ən yaxşı universitet kitabxanalarından biridir. Universitetdə müxtəlif yerli klublarla yanaşı, AIESEC, AEGEE kimi tələbə təşkilatlarnın da ofisi mövcuddur. Tədris edilən bütün materialları universitetin özünəməxsus "Moodle” sistemində tapmaq olar, eyni zamanda həmin sistem vasitəsilə həmkarlarınız və professorlarla əlaqə saxlamaq, imtahan nəticələrinizi yoxlamaq və s. mümkündür. Bu da universitetin "yaşıl düşüncə”yə nə dərəcədə yüksək önəm verdiyinin göstəricisidir”.

200-dən çox azərbaycanlı

Azərbaycanlı tələbələrin sayı ilə bağlı dəqiq statistika olmasa da, 2015-ci ildə Züleyxa Macarıstana tələbə kimi köçəndə təqaüd proqramı ilə təxminən 50-ə yaxın azərbaycanlı tələbənin də bura gəldiyini deyir: "Ancaq o vaxtdan sonra Macarıstan xaricdə təhsil seçimi kimi prioritet olmağa başladı. Bu səbəbdən də hər ötən il ən azı 200 tələbə Macarıstana gəlir”. 

Macarıstana üz tutan azərbaycanlı tələbələr əsasən biznes, turizm, iqtisadiyyat, mühəndislik, kompüter elmləri kimi ixtisaslarda təhsil alırlar.

"ADA-nı qoyub, Macarıstana getdim”

Corvinus Universitetinin tətbiqi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsil alan Fərid Rüstəmzadə Macarıstan dövlət təqaüdü haqqında eşidəndə ADA-da birinci kurs tələbəsi imiş. Həmin vaxt xaricdə təhsil proqramları ilə maraqlanıdığını və alternativlər arasından optimal seçim etməyə çalışdığını deyir:

"Macarıstan təqaüdünə qəbul olub, təhsil alan dostlarımla söhbətlərdən sonra mən də müraciət etməyə qərar verdim. Paralel olaraq digər təqaüd proqramlarını diqqətimdə saxlasam da, Macarıstanda təhsil bir neçə faktora görə mənim üçün proritet təşkil edirdi: təklif olunan aylıq təqaüd dəqiq vaxtlarda verilirdi; təqaüdə qəbul prosesi konkret və sistemli idi, fond və partnyor orqan digər bütün bürokratik proseduraları özləri yerinə yetirirdi. Məsələn, İtaliya təqaüdü kimi visa alınması problemı yaşanmayacaqdı; təhsil almaq istədiyim Budapeşt şəhərinin təhlükəsizliyi, gözəlliyi və aktiv yaşamı diqqətimi çəkmişdi. Müraciət etdiyim Corvinus Universitetinin "quantative studies” üzrə Şərqi Avropada sayılıb-seçilən universitetlərdən olması və Macarıstan və Azərbaycanın həm məsafə, həm də iqtisadi-sosial əlaqələr baxımından yaxınlığı təhsil müddətində mənə üstünlüklər qazandıracaqdı. Bütün bu kimi faktorlar Macarıstanda təqaüdlə təhsil almağı daha üstün tutmağıma səbəb oldu”.

Sağçılıq, şərqli tələbələrin problemləri, 130 avro təqaüd

Fərid danışır ki, fond tələbələri təhsil haqqı, yataqxana və yaşama xərcləri ilə təmin edir. Hər ay təqribən 130 avro təqaüd verilsə də, bu məbləğ Budapeştdə yaşamağa kifayət etmədiyi üçün əksər tələbələr ailələrinin əlavə maddi dəstəyi ilə yaşayırlar. 

"Burada təhsil almağın üstünlükləri çox olsa da, xarici tələbələrin bəzi çətinliklər və əskikliklərlə üzləşməyi labüddür. Statistikaya əsasən, macar xalqının 65 faizi ana dillərindən başqa bir dildə danışa bilmirlər, bu, Avropada ən aşağı göstəricidir. Ona görə, dövlət orqanlarında və bəzi məkanlarda ingiliscə bilmək macarlarla ünsiyyət qurmaq üçün kifayət etmir. Mənim üçün ən çox çətinlik yaradan məsələ Macarıstandakı bürokratik sistem oldu. Məntiqi açıqlaması olmayan qadağalar, cərimələr, sənəd işləri və acı dilli məmurlar bəzən tələbələrin həyatını çətinləşdirə bilir. Başqa bir məsələ isə dövlət universitetlərində "beynəlxalq təhsil” mühitinin kifayət qədər təşviq edilməməsidir. Belə ki, universitetin kitabxanasında ingiliscə kitab sayı azdır, elanlar və emaillər, demək olar ki, yalnız macarca verilir, xarici tələbələrin universitet daxili proseslərə və fəaliyyətlərə cəlb olunması üçün işlər qənaətbəxş səviyyədə deyil. Bütün bunlar xarici tələbələrin macar tələbələr və universitetlə ünsiyyətinin effektivliyinə, mühitə adaptasiyasına və nəticədə universitet daxili multicultural beynəlxalq təhsil mühitinin formalaşmasına maneə olur. Avropada sağçılıq meyilinin artması Macarıstandan da yan keçməyib, bu baxımdan xarici, xüsusilə Şərqdən gələn tələbələr gündəlik həyatlarında yaşadıqları problemləri həll etmək üçün digərlərinə nisbətən daha çox əziyyət çəkməli olurlar”. 

"Yüksək məvaciblə iş tapmaq şansı çoxdur”

Fərid Rüstəmzadə qeyd edir ki, bu cür mənfi hallardan başqa, burada yaşamağın və təhsil almağın üstünlükləri də çoxdur: "Digər Avropa ölkələrinə nisbətən, Macarıstanda yaşayış xərcləri aşağıdır, həmçinin tələbələr üçün iş imkanları mövcuddur. Budapeşt əyləncəsi, gecə həyatı və fərqli konseptlərdə kafe-restoranları ilə məşhurdur, bu baxımdan aktiv həyat tərzi yaşamaq istəyənlər üçün əla şəhərdir. Həmçinin, şəhərin təhlükəsizliyini, sakitliyini xüsusi vurğulamalıyam. Səyahət etməyi sevənlər üçün da Macarıstanda yaşamaq çox əlverişlidir, çünki "WizzAir” şirkəti mərkədə yerləşən bu ölkədən bütün Avropaya ucuz uçuşlar həyata keçirir, Vyana kimi şəhərlərə isə avtobusla 2 saata çatmaq olur. Macarıstan universitetləri Avropa reytinqində ixtisaslışdıqları sahələr üzrə ön sıralarda dururlar. Bu universitetləri bitirdikdən sonra Macarıstanda və həmçinin Avropanın digər ərazilərində beynəlxalq şirkətlərdə yüksək məvaciblə iş tapmaq şansı çoxdur".

Bəhruz Səmədov
Toplum TV