11:58, 08 Mart 2018 (Cümə axşamı) 119

Tehranda hicabını açan qadına 2 il həbs verildi

Tehranda hicabını açan qadına 2 il həbs verildi


/ DÜNYA
Tehranda küçə etirazı zamanı baş örtüyünü açmış iranlı qadın iki illik həbsə məhkum edilib. Bu haqda yerli media yazır.

"Yarırəsmi Tasnim" xəbər agentliyi martın 7-də prokuror Abbas Jafari Dolatabadi-yə istinadla bildirib ki, qadın "ictimaiyyət arasında hicabını çıxarmaqla korrupsiyanı həvəsləndirib".

İran ədliyyəsinin "Mizan" onlayn xəbər agentliyi qadının adını açıqlamayıb, amma onun apellyasiya şikayəti verəcəyini yazıb.

Bəzi məlumatlara görə, həmin qadın 32 yaşlı Nargess Husseinidir, İranda məcburi baş örtüsünə qarşı dinc etirazlar zamanı saxlanıb.

İndiyədək baş örtüyü olmadan ictimaiyyət arasında çıxmağa görə saxlanmış qadınlar az müddətdən sonra buraxılıb, qısamüddətli həbs cəzaları alıb, yaxud 25 dollar cərimələnib.

Bu ilin əvvəlində hakimiyyət baş örtüyünü açdığına görə 29 qadının saxlandığını bildirib.

Ölkədə məcburi geyim kodeksinə etiraz olaraq kampaniya keçirilirdi. Amma polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyası çərçivəsində "yoldan çıxarılaraq” hicabı açdıqlarını bildirib.

ABŞ Dövlət Departamenti bu həbsləri pisləyib, qadınların "məcburi hicaba qarşı çıxmaqla fundamental hüquq və azadlıqlarından yararlandıqlarını” bildirib.

Amnesty International insan haqları təşkilatı isə hakimiyyəti "məcburi hicaba qarşı çıxan qadınların təqibini, ayrı-seçkilik yaradan və aşağılayıcı təcrübəni dayandırmağa" çağırıb.

"Azadlıq.org"