11:50, 12 İyun 2018 (Çərşənbə axşamı) 120

Tarlada zəhərlənənlərdən xəbər var

Tarlada zəhərlənənlərdən xəbər var
«Bakı Şəhər Toksikologiya Mərkəzində müalicə alan Sabirabad sakinlərinin səhhəti yaxşılaşır».

Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətindən Səfayət Əhmədova bildirib.

S.Əhmədova deyib ki, Mərkəzdə müalicə alan 4 nəfərin 4-nün də səhhəti yaxşılaşır və narahatlığa hər hansı əsas yoxdur: «Saatlı rayon Mərkəzi Xəstəxanasında müalicə alan 18 nəfər isə evə buraxılıblar, onların da səhhətləri qənaətbəxşdir».

İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 4 nəfərinin durumu nisbətən ağır olduğundan iyunun 11-də Bakıya gətirilmişdilər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Son vaxtlar Azərbaycanda pambıq sahələrindən bir neçə belə acı xəbərlər eşidilib. Ən son ağır hadisə bu il mayın 7-də, səhər saatlarında Sabirabad rayonunda baş vermişdi. Şəhriyar kəndində pambıq sahəsinə gedərkən traktorun qoşqusunun aşması nəticəsində 6 nəfər vəfat etmişdi. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilirdi.

Son illər Azərbaycanda pambıqçılığa diqqət artırılıb. Rəsmi açıqlamaya görə, 2015-ci ildə ölkədə cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton pambıq tədarük edilib.

2017-c ildə isə pambıq tədarükü 207 min tona çatdırılıb. Hökumət rəsmiləri habelə vurğulayıblar ki, pambıqçılığın inkişafı əhalinin məşğulluğunu artırıb. Ancaq hakimiyyətin opponentləri pambıqçılığı «qul əməyi» kimi dəyərləndirirlər. Üstəlik, onların fikrincə, pambıqçılığın inkişafı heyvandarlığa ziyan olub.