14:42, 09 Mart 2018 (Cümə) 204

Taleh Xasməmmədov: Tovuz Rayon Polis Şöbəsində 4 nəfərə ağır işgəncə veriblər

Taleh Xasməmmədov: Tovuz Rayon Polis Şöbəsində 4 nəfərə ağır işgəncə veriblər
Ötən gün Tovuz Rayon Polis Şöbəsində dörd nəfər ağır işgəncələrə məruz qalıb.

Məlumatı "Facebook” sosial şəbəkəsində keçmiş məhbuz, hüquq müdafiəçisi Taleh Xasməmmədov paylaşıb.

Onun sözlərinə görə, işgəncə nəticəsində onlardan biri, 1970-ci il təvəllüdlü Tofiq Feyruz oğlu Şükürov özünü 3-cü mərtəbədən atıb, nəticədə ağır bədən xəsarətləri alıb.

"Üç nəfərin taleyi ise daha təhlükəli və müəmmalı olaraq qalır”.

Bu barədə Meydan TV-yə danışan Taleh Xasməmmədov ehtimal edir ki, bu hadisə fevralın 24-də rayonda baş vermiş qətllə bağlı ola bilər:

"Yerli hüquq-mühafizə orqanları AFFA-nin sabiq prezidenti Ramiz Mirzəyevin yaxın qohumlarının qətlinin üstünü aça bilmədiklərin adamları çağırıb dindirirlər və işgəncə halları da olur. Güman edirəm ki, son hadisə onunla bağlıdır".

Ancaq Tovuz Rayon Polis Şöbəsinin növbətçisi hissəsindən Elman Qəhrəmanov Meydan TV-yə yayılan xəbərləri təkzib edib.

Elman Qəhrəmanov deyib ki, Tofiq Şükürov haqqında məhkəmədə oğurluq ittihamı ilə iş var.

"Bu adam bir tibb bacısının mənzilindən 5 min manat oğurluq edib. Eyni zamanda, narkotika ittihamı ilə dəfələrlə məhkum olunub”.

E.Qəhrəmanov deyib ki, Tofiq Şükürova heç kim təzyiq etməyib.

"Hətta ona prokurluğun müstəntiqi çay verib, sonra deyib ki, dəhlizdə gözlə. Ardınca nə düşünüb, onu edib. Bir daha deyirəm, Tofiq Şükürova heç kim təzyiq göstərməyib və durumu da yaxşıdır. Ancaq Tofiq Şükürov rayonda çox pis reputasiyaya malikdir”.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov üç nəfərin xəstəxanada olduğu barədə məlumatı təkzib edib:

"Ancaq Tofiq Şükürovu vəziyyətinin ağırlığı səbəbindən Qazax Rayon Xəstəxənasına emerteye apardılar. Başqa məlumatım yoxdur”.
Mənbə: Meydan Tv