10:49, 18 Aprel 2018 (Çərşənbə) 236

"Sürüşmə zonasında olan bəzi evlərdə hələ də yaşayış var"

Şamaxı rayonunda sürüşmə zonasında aktivlik hiss olunmur.

Bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Dilguşə Məmmədova deyib.

Qurum rəsmisi bildirib ki, həmin ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi baxış keçirib, vəziyyət nəzarətdə saxlanılır:

"Akt tərtib olunub, qəzalı vəziyyətdə olan mənzillərdən ailələr köçürülüb. Rayonda və bir neçə kənddə sürüşməyə meyilli ərazilər var. Məsələn, Meysəri, Muğanlı, İkinci Cabanı, Çaylı kəndlərində, şəhərin ərazisində bir neçə yerdə sürüşmələr olub. Hər kənddə bir neçə evdə çatlar əmələ gəlib, rayon ərazisində qəzalı vəziyyətdə olan evlər var. Bu barədə akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim olunub. Qəzalı vəziyyətdə olduğu üçün evlərindən köçən ailələrin bəzilərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən evlər tikilərək təhvil verilib. Köçürülmə mərhələli həyata keçirilir. Amma çat olan mənzillərdə hələ də yaşayanlar var. Hələlik sürüşmə aktivliyi hiss olunmur. Əgər hər hansı bir aktivlik hiss olunsa, həmin evlərdəki ailələr də başqa əraziyə köçürüləcək".

D.Məmmədova qeyd edib ki, rayonun "48 a" məhəlləsində də sürüşmədə aktivlik hiss olunmur: "Sonuncu dəfə 7 ev qəzalı vəziyyətdə olduğu üçün ailələr köçürüldü, 5 ev isə qalmaqdadır. Həmin evlərdə çatlar olsa da, təhlükəli deyil. Sürüşmə zonasında qalan 5 evin ikisində yaşayış var, 3 evin isə təmiri başa çatmadığından həmin evlərə köçən yoxdur. Sakinlər torpaq axınının qarşısını almaq üçün tədbirlər görüb. Hələ ki, aktivlik hiss olunmur".

 Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb. Ümumilikdə qəsəbədə 100-dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.