10:44, 28 Fevral 2018 (Çərşənbə) 394

"Subsidiyalar ayrılır, kənd təsərrüfatı inkişaf etmir" - Ekspert

2018-ci ildə kənd təsərrüfatının inkişafı üçün 22 milyon manat subsidiya ayrılıb. 

Ekspertlər deyir ki, kənd təsərrüfatı istehsalçılarını işə təşviq etmək məqsədi ilə bu əvəzsiz maliyyə dəstəyi dövlət büdcəsindən hər il ayrılır. 

Bu pulların təyinatı üzrə istifadə olunub-olunmamasını isə qeyri-neft sektorunun vəziyyəti göstərir. 

Kimi bu vəziyyəti müsbət saldolarla təqdim edir, kimi də hökumətin bu sahədə həyata keçirdiyi siyasətin yanlış olduğunu düşünür.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, subsidiya məsələsinin fəlsəfəsi və yanaşması uzun illərdir ki, dəyişmir və bu, təəssüf doğurur: "İllərdir ki, mətbuat vasitəsilə müxtəlif təkliflərlə çıxış etmişik, amma hökumət hələ bu yöndə pozitiv bir addım atmayıb. Subsidiya dünyanın hər yerində son məhsulun həcminə və keyfiyyətinə görə verilir. Bizdə isə çox zaman əkin sahəsinin ərazisi önə çıxır. Bu, doğru yanaşma deyil. Dünyanın hər yerində istehsalın stimullaşdırılması, məhsuldarlığın yüksəldilməsi üçün subsidiyaların verilməsi son məhsulun həcmi və keyfiyyəti nəzərə alınmaqla həyata keçirilir”.
 

Onun sözlərinə görə, Azərbaycanda məhsuldarlıq çox aşağıdır: "Əkin sahələrimiz kiçikdir, yararlı sahələr azdır. Ona görə də, az olan sahələrdən keyfiyyətli məhsul almaq üçün məhsuldarlığın yüksəldilməsi yolları axtarılmalıdır. Yeni texnologiya, müasir qaydalara uyğun gübrələmə sistemi həyata keçirilməlidir”.

Natiq Cəfərli bildirib ki, təxminən 12 ildir subsidiyalaşma sistemi tətbiq olunur: "Kənd təsərrüfatı məhsullarında isə ciddi artım müşahidə olunmur. Deməli, subsidiyanın verilməsi sxemi dəyişdirilməlidir. Bunun ən yaxşı yolu kimi dövlət hər hansı məhsul növü üzrə alıcı qismində çıxış edərsə, məhsul istehsalçılarının stimulu olar, daha çox məhsuldarlığı artırarlar. Buna uyğun da daha çox subsidiyalar ala bilərlər”.

İqtisadçının sözlərinə görə, bu, həm yerli bazarın yerli məhsullarla təmin olunmasına, həm də ixracat potensialının yüksəlməsinə müsbət təsir edə bilər: "Kənd təsərrüfatı neft sektorundan sonra yeganə sahədir ki, ixracat potensialı yüksəkdir. Amma məhsuldarlıq səviyyəsi aşağı olduğundan, xaricə çox mal göndərəndə daxili bazarda qiymət qalxır, daxili bazara yönələndə isə ixracat aşağı enir”.

Deputat Aydın Hüseynov isə aqrar sahənin inkişafı üçün fermerlərə edilən güzəştləri stimullaşdırma üçün ən mühüm addımlardan biri hesab edir: "Ümumilikdə götürdükdə aqrar sahənin inkşafı üçün vergi güzəştləri, yoxlamaların aradan qaldırılması, eləcə də subsidiya və güzəştli kreditlərin verilməsi vacibdir. Məhz bunun nəticəsidir ki, bizim ixrac məhsullarımızın sırasında artıq kənd təsərrüfatı məhsulları önəmli yer tutur. Təkcə keçən il kənd təsərrüfatı məhsullarından, xüsusilə pomidordan bir milyon üç yüz min dollar məcmində məhsul ixrac olunub. Eləcə də digər sahələr üzrə gəlirlər var”.
 

Deputatın sözlərinə görə, verilən subsidiyalar təyinatı üzrə yönəldilir və nəzarətdə saxlanılır.

Gülzar N. Məmmədli
Toplum Tv