10:45, 14 Mart 2018 (Çərşənbə) 215

Stiven Hokinq dünyasını dəyişib

Stiven Hokinq dünyasını dəyişib


/ DÜNYA
Tanınmış britaniyalı fizik Stiven Hokinq martın 14-də səhər Kembricdəki evində yuxuda dünyasını dəyişib. Onun 76 yaşı vardı. Məlumatı ailəsi açıqlayıb.

"Sevimli atamızın bu gün vəfat etməsindən dərin kədər içindəyik. O, böyük alim, qeyri-adi adam idi, işi və irsi çox illər yaşayacaq”, – övladları Lucy, Robert və Tim bildirib.

Hokinqə 21 yaşında müalicəsi olmayan motoneyron xəstəliyi diaqnozu qoyulur və əlil arabasına məhkum olur, kommunikasiya üçün kompüter səsindən istifadə edir. Ötən il BBC-yə müsahibəsində demişdi ki, "75 yaşına çatmağı heç vaxt gözləməyib”.

Hokinq qara dəliklərinin heç də tamamilə qara olmadığını göstərən kəşfini ən böyük uğuru sayır. Bu, "kvant mexanikasıyla ümumi nisbilik arasındakı paradoksların necə həll oluna bilməsini anlamaqdan ötrü” vacibdir.

Hokinq1988-ci ildə dərc olunmuş "Zamanın qısa tarixi” adlı kitabından sonra bütün dünyada şöhrət qazanır. Həmin kitab 10 milyon nüsxədən çox satılıb.

1942-ci ilin yanvarında doğulmuş Hokinq 1959-cu ildə Oksford Universitetində təqaüd qazanır və üç il sonra kosmologiya sahəsində tədqiqat aparmaqdan ötrü Kembricə keçir.

32 yaşında o, Britaniyanın ən nüfuzlu akademik institutu olan Kral Cəmiyyətinin üzvü seçilib.