16:15, 09 Mart 2017 (Cümə axşamı) 1621

“Siyasi məhbusun qızı olmaq daha çətin imiş” - Nigar Həzi

“Siyasi məhbusun qızı olmaq daha çətin imiş” - Nigar Həzi
O təkcə siyasi fəal deyil, həm də keçmiş siyasi məhbusun qızı, hazırda isə həbsdə olan başqa bir siyasi məhbusun həyat yoldaşıdır...

Nigar Həzi siyasətin həyatında yaratdığı problemlərin öhdəsindən necə gəldiyini Toplum TV-yə danışır:

- Seymur Həzi ilə evliliyiniz bir qədər gözlənilməz oldu. Hətta bu izdivacı aksiya adlandıranlar da var idi...

- Adətən, gözlənilməz nəsə baş verəndə reaksiyalar da fərqli olur. Mən də görürdüm ki, çoxu bunun kampaniya olduğunu yazırdı. Bəziləri, ümumiyyətlə, inanmırdı. Bəziləri isə bu evliliyə qeyri-səmimi baxırdılar. Amma biz mətbuatdan heç nəyi gizli saxlamırıq. Sadəcə, evliliyimizin hay-küyünə hökumət səbəb oldu. Bəlkə, heç biz istəsəydik də, belə haylı-küylü alınmazdı.

- Siyasi məhbusun qızı olmaq çətindi, yoxsa həyat yoldaşı?

- İşin ucunda siyasi məhbus məsələsi varsa, məncə, ikisi də eynidir. Çünki ikisinin də ortaq qayğıları və prosedurları var. Seymurla evlənəndə o, artıq cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Amma atamda proses çox uzun çəkdi və şərtlər daha ağır oldu. Əvvəlcə Kürdəxanıda idi, sonra ardıcıl Gəncədə, Mingəçevirdə, Şəkidə proses davam etdi. Hər həftə Şəkiyə görüşə getmək, sovqat hazırlamaq, məhkəmələr bizi çox yorurdu. Seymurla hər dəfə danışanda elə özünə deyirəm ki, sən məni daha az incitmisən. Bu baxımdan siyasi məhbusun qızı olmaq daha çətin imiş.

- 2015-ci ilin aprelin 23-də ölkə Nərgiz Yaqublunun timsalında bir ictimai fəalı itirdi. Bəs siz?

- Həmin gün mənim üçün həyat dondu. Nəyi itirdiyimi sözlərlə izah etmək, təsəvvürə gətirmək qeyri-mümkündür. Çünki həmin gün, elə bil ki, həyatın özü itdi.

- Siyasi məhbus ailəsi kimi tanınmağın hansısa məmurun ailəsi kimi məşhur olmaqdan fərqi nədədir?

- Biri məşəqqətli olur, digəri məşəqqətsiz. Verilən tapşırıqları yerinə yetirən hakimiyyət məmuru üçün vəzifə sahibi olmaq çox asandır. Ancaq siyasi məhbus olmaq üçün rejimə qarşı mübarizə aparmalısan. Diktatura rejimli ölkələrdə sənin tənqidlərinə hökumət də, məmurlar da dözümsüz yanaşır, axırda da məşhur siyasi məhbusa çevrilirsən. Bu yolu seçən özü bilir ki, mübarizənin sonunda həbs, hətta ölüm belə var. Heç kəs zəmanət verə bilməz ki, bir dəfə tutulmuşamsa, məni artıq həbs etməyəcəklər.

- Həbsdə olduğunuz müddətdə ən yaddaqalan xatirəniz hansıdır?

- Dörd divarın arasında elə də xoş xatirələr olmur. Həbsxananın nə demək olduğunu yalnız orda bilmək mümkündür. Oranın prosesləri, digər məhbus qadınlar, dava-dalaş... Bura daxil olanda xəyal qururdum ki, bir-iki həftəyə çıxacam. Amma çıxmadım, sonra isə atamın həbs olunduğunu eşitdim. Hətta buna gülmüşdüm. Çünki özüm kimi onun da həbsxanada qalacağına inanmırdım. Amma vəkilim Adil bəy: "Tofiq Yaqublu artıq burdadır”, - deyəndə hər şey bəlli idi. Onu uzun müddətə həbs etmişdilər. Həmin gün aldığım xəbər ən yaddaqalan xatirəm oldu.

- Seymur Həzi 17 saylı cəzaçəkmə müəssisəsi barədə nələr danışır? Ümumiyyətlə, orada dustaqlar üçün şərait necədir?

- Mən bir çox müəssisələrdə olmuşam. Gəldiyim nəticə isə budur ki, ölkənin heç bir həbsxanası ürəkaçan vəziyyətdə deyil. Atam 13 saylı cəzaçəkmə müəssisəsində qalırdı. Oradakı şərait, yerləşdiyi ucqar ərazi, məhbusların yaşayış vəziyyəti dəhşətli mənzərə yaradır. Maşınsız o yolu getmək mümkün deyil. İndi 17 saylı müəssisəyə daha rahat çatıram. Amma hər ikisində də vəziyyət acınacaqlıdır. Atam həbsdə olarkən bu barədə mütəmadi yazırdım. Qışın soyuğunda gah işıq-qaz olmurdu, gah da su. Heç olmasa, siyasi məhbusların sayəsində həbsxanalardan xəbər tuta bilirik. Yoxsa bu problemlərlə nə Penitensiar Xidmət maraqlanır, nə də Ədliyyə Nazirliyi. Müəssisə rəhbərləri də buraya pul qaynağı kimi baxırlar.

- Hər həftə görüşün həyəcanı çox olur, yoxsa bazarlığın?

- Məhbəsə hazırlıqlı getməyə məcbursan. Məhbusa qayğı yoxdursa, o, həbsdə "canlı ölü” kimidir. Bu cəhətdən siyasi məhbusların bəxti gətirib ki, onlara ailə qayğısı var. Digər dustaqların 90 faizi bu qayğını görmür. Artıq öyrəşmişəm. Bir günümü iməciliyə sərf edirəm, ikinci gün bazarlıq, sonra görüşə hazırlıq, növbəti gün də görüş. Seymur da məni incitmir. Heç vaxt nə istədiyini söyləməz. Deyir, özün nə bişirirsənsə, onu da gətir. Amma görüşün həyəcanı daha çox olur. Yerdə qalanlar texniki məsələlərdir.

- Atanız həbsdə olanda demişdiniz ki, əfv gözləmirik. Ancaq o, azadlığa çıxdı. Bəs indi Seymur bəyin əfvini gözləyirsinizmi?

- Bu, bizim ailə üçün analoji prosesdir. Biz heç vaxt əfv gözləmirik. Atamın da evə gəlişi o vaxt sürpriz olmuşdu. İndi də deyə bilmərəm ki, bu Novruzda Seymur azadlığa çıxacaq. Heç gözləmirəm də. Bildiyim odur ki, qaydası ilə 2 il yarımdan sonra buraxılır. Ona görə də rahatam. Əgər insanları günahsız yerə şərləyib tuturlarsa, onsuz da gec-tez onları azad etməlidirlər. Praktikada, adətən, müşahidə etmişik ki, siyasi məhbuslar vaxtından tez buraxılır. Yeganə İlqar Məmmədovdur ki, 7 illik cəza müddətinin artıq 4 ilini həbsdədir.

Nigar Cəfərova
Toplum.Tv