20:10, 19 Oktyabr 2017 (Cümə axşamı) 33

Şirvanlı cəbhəçilərin işi Avropa Məhkəməsinə gedir

Şirvanlı cəbhəçilərin işi Avropa Məhkəməsinə gedir
Oktyabrın 19-da Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvü - Əlifağa Abdullayev və Eldəniz Səmədovun haqqında həbs qərarından verilmiş şikayətlərə baxılıb.

"Azadlıq Radiosu" xəbər verir ki, Ə.Abdullayevin 10 sutkalıq inzibati həbs qərarından apellyasiya şikayətinə hakim Etibar Camalov, E.Səmədovun 15 sutkalıq həbsindən verilmiş şikayətə isə Rafiq Cəlilov baxıb. Adları çəkilən hər iki hakim apellyasiya şikayətlərini təmin etməyib - cəbhəçilərin həbsinə dair birinci instansiya məhkəməsinin qərarları qüvvədə saxlanılıb.

Adları çəkilən AXCP üzvləri İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə günahlandırılır.

Oktyabrın 19-da hər iki cəbhəçinin məhkəməsində vəkil Yalçın İmanov çıxış edərək deyib ki, hüquqlarını müdafiə etdiyi şəxslərin söyüş söyməsi, onları intizama dəvət edən polisin tələbinə tabe olmaması haqda protokol qanunsuz və əsassızdır: 

"Hər ikisinin haqqında tərtib olunmuş inzibati xəta protokolu standartdır. Bu adamların polisin qanuni tələbinə tabe olmadığı yazılıb, amma hansı tələbdən söhbət getdiyi, onların tabesizlik göstərib neylədiyi bilinmir".

Cəbhəçi fəallar özləri də bildiriblər ki, hər ikisi Milli Şuranın 7 oktyabrda keçirdiyi mitinqdə iştirak ediblər. Onlar "Facebook” sosial şəbəkəsində mitinqdə iştiraklarını nümayiş etdirən fotolar paylaşıblar. Bundan sonra həbs olunublar.

Y.İmanov "Azadlıq Radiosu"na bildirib ki, qanunvericilikdə inzibati həbslərdən şikayət üçün son instansiya apellyasiya məhkəməsidir. Ona görə də adları çəkilən cəbhəçilərlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

"Azadlıq.org"