18:02, 02 Oktyabr 2018 (Çərşənbə axşamı) 992

"Siqaretə qoyulan qadağalar iqtisadiyyata ciddi təsir etməyəcək" - Ekspert

Qadağan edilmiş yerlərdə siqaret və digər tütün məmulatlarından istifadəyə görə cərimələr müəyyənləşib.

Milli Məclisin plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtobusda şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əlavə edilən 5-ci bəndə əsasən isə qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.

Layihələr səsverməyə çıxarılaraq qəbul olunub.

Qəbul edilən yeni qərarlar Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Toplum TV-yə bildirib ki, ümumiyyətlə, siqaretə qoyulan qadağalar, tütün məmulatlarının bahalaşması Azərbaycan iqtisadiyyatına  elə də ciddi təsir göstərmir: "Birincisi, Azərbaycan bütün bu məhsulları əsasən idxal edir. Təxminən hər il ölkəyə 200 milyon dollarlıq tütün məhsulları, siqaret idxal olunur. Bundan daha çox digər ölkələrin fermerləri, xarici sahibkarlar qazanır. Azərbaycan xalqı isə bundan əziyyət çəkir. Azərbaycan əhalisinin səhhətinə ciddi ziyan vurulur. Yəni həm uşaqların, həm ailə başçılarına ziyan vurulur. Azərbaycan təxminən 3 milyon ton tütün istehsal edir. Bu tütün də Gürcüstana, Belarusa və digər ölkələrə ixrac olunur. Əgər idxal azalacaqsa, Azərbaycan hökuməti müəyyən rüsum tətbiq etməklə  büdcəyə müəyyən qədər maliyyə resursunun daxil olmasına nail olur. Ancaq bu da elə böyük rəqəm deyil. Düşünürəm ki, bunun Azərbaycan iqtisadiyyatına elə ciddi təsiri olmamalıdır".

"Məqsəd insanların siqaret tüstüsünün zərərlərinə məruz qalmasının qarşısını almaqdır"

Hüquqşünas Ərşad Hüseynov Toplum TV-yə açıqlamasında bildirib ki, yeni qəbul edilən qaydanın məqsədi insanların sağlamlığını qorumaqdır: "Əslində, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı müqaviləmiz var. Hansı ki bu ilin yanvar ayından qüvvəyə minib. Orada göstərilib ki, ümumiyyətlə, bu, tütün məmulatlarından istifadə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məhdudlaşdırılsın. İctimai məkanlarda, ictimai iaşə obyektlərində, istənilən iş yerində, təsərrüfat sahələrində, hətta yeraltı və yerüstü piyada keçidi kimi yerlərdə və o cümlədən, ictimai nəqliyyat vasitələrində (təyyarədə, qatarda, avtobusda) siqaret çəkmək çoxdan qadağan olunub. Lakin taksilərə bu qayda tətbiq edilməmişdi. Yanaşma ondan ibarət idi ki, taksi də ictimai nəqliyyatdır. Çünki taksi də müəyyən mənada insanlara xidmət edir. İstənilən halda müştəri ödəniş edib taksi kirayə edir. Nəticədə müştəri taksidəki içəri hopmuş siqaret tüstüsünü ciyərinə çəkməməsi üçün belə bir qadağa qoyuldu və qadağa ilə bağlı cərimə müəyyən edildi. Burada məqsəd insanların siqaret tüstüsünün zərərlərinə məruz qalmasının qarşısını almaqdır".

Samirə Əliyeva
Toplum.Tv