16:04, 21 Dekabr 2016 (Çərşənbə) 1219

"Şəxsən özümə görə ağırdır, amma uşaqlara görə çox yaxşıdır" - İdrak Abbasov

Jurnalist İdrak Abbasov: "Azərbaycanda jurnalist olmaq minalanmış sahədə gəzmək kimidir"
 
Toplum.Tv-nin "Məcburi sürgün" layihəsinin növbəti qonağı hazırda Norveçdə yaşayan jurnalist İdrak Abbasovdur. 
 
Onunla müsahibəni təqdim edirik:

- Azərbaycandan daha əvvəl də gedə bilərdiniz, 2014-cü ildə sizi getməyə nə vadar etdi?

- Əvvəl də gedə bilərdim, bunun üçün 2005-ci ildən real imkanlarım var idi, çünki 2005-ci ildə artıq problemlərim yaranmışdı. Onda bununla bağlı mənə bəzi təkliflər də olumuşdu. Bundan sonra mən 2012-2013-cü illərdə Böyük Britaniyada iki beynəlxalq mükafata, ABŞ-da bir beynəlxalq mükafata layiq görüldüm. O dövrdə də mənə təkliflər var idi ki, sizin ölkəniz çox təhlükəlidir, qayıtmayın, qalın. Tamamilə düz buyurursunuz ki, bunu etmək imkanım var idi. Amma 2014-cü ildə elə bir vəziyyət yarandı ki, heç bir qapı-baca saxlanılmadı. Azad mətbuat nümayəndələri arasında həbsə atılanlar, mövqeyi aydınlaşdırılanlar oldu, hökumət neytral mövqe tutan hər kəsi özünə təhlükə saydığı üçün hamını saf-çürük elədi. Mənim getməyimin əsas səbəblərindən biri də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) həmtəsisçisi olmağım idi. Hökumətin nəzarətində olmayan QHT-lər bağlanmağa başladı və avqustun 6-da növbə bizə də çatdı. Həmçinin RATİ-nin həmtəsisçisi və sədri Emin Hüseynovun təhlükəsizliyinin təmin olunması və onun İsveçrə səfirliyinə təhvil verilməsində mənim də rolum oldu. Avqustun 18-də mənə məlumat çatdı ki, mənim üçün təhlükə var və ölkəni tərk etməliyəm. Həbsdə oturub yazıq vəziyyətinə düşməkdənsə, kənara çəkilib işimi davam etdirməyə və müstəqilliyimi qorumağa üstünlük verdim və ölkəni tərk edərək Gürcüstana getdim. Gürcüstandan sonra Ukraynaya, oradan Litvaya getdik, orada 3 ay işlədik. Bununla paralel "ICRON" təşkilatının "Azad şəhər” layihəsinə baş vurdum və həmin layihənin qalibi oldum. Azərbaycandan qat-qat bədbəxt ölkələrdən də olmaqla, ümumilikdə 50-ə yaxın namizəd var idi. Düşünürəm ki, seçilməyimə səbəb həm Azərbaycandakı acınacaqlı durum, həm də aldığım beynəlxalq mükafatlar oldu.

- Hansı fəaliyyətlərlə məşğulsunuz? 

-"ICRON"  təşkilatının proqramı üzrə müəyyən işlər görürəm. Eyni zamanda şəhərimizin qəzetində işə başlamışam. Düzdür, hələ ki həmin qəzetdə yüz faizlik işlə təmin olunmamışam, amma qısa bir müddətdə bir "mühacir”in (yəni, bu ölkəyə yad olan şəxs anlamında mühacir) yerli mətbuat orqanında mütəmadi dərc olunması, məqalələrlə və digər materiallarla çıxış etməsi, qonorar alması çox nadir hallarda olur. Mənə bir universitetin media fakültəsindən də təklif gəlib və bu barədə gələcəkdə daha ətraflı məlumat verəcəm. Biz RATI-ni artıq mühacirətdə yaratmışıq,  artıq Gürcüstan ofisimiz var. Tezliklə bizim Avropada da ofisimiz olacaq. İnsan haqları, siyasi məsələlərlə bağlı da müəyyən aktivliyimiz var və davam edəcək, belə deyək, əlimizi daşın altından çəkməmişik. 

- Azərbaycanda jurnalist olmaqla, Norveçdə jurnalist olmaq arasında əsas fərq nədir? 

- Bu məsələləri müqayisə etmək düzgün deyil, çünki Azərbaycanda jurnalist olmaq minalanmış sahədə gəzən əsgər olmaq kimi bir şeydir, hər zaman minaya düşüb partlaya bilərsən. İş səhər 8-9-dan  başlayır və günorta 3-də bitir. Hərdən gülürəm ki, işlərini atıb gedirlər, amma müəyyən məsul şəxslər qalır. Belə bir nümunə gətirə bilərəm ki, biz dil kursuna gedirdik , eşitdim ki, bizim liseyə şahzadə gələcək. Norveçdə kral ailəsi xüsusi qorunur, çünki ölkənin simvolu hesab olunur. Mühafizə xidmətinə yaxınlaşdım, özümü təqdim etdim və reportaj hazırlamaq istədiyimi dedim. Dedilər ki, heç bir problem yoxdur, biz sizə 15-20 dəqiqə sonra zəng edəcəyik. Mənə zəng etdilər ki, gəlin mövqeyinizi seçin, şahzadə yarım saata burda olacaq və protokolu izah etdilər.

- Övladlarınız Norveçdə təhsil alır. Azərbaycan təhsili və Norveç təhsilinin əsas fərqləri nələrdir? 

- İlkin mərhələdə uşaqlara heç bir qiymət verilmir. Dərslər çox interaktiv keçirilir. Dərs danışmaq, uşaqları cəzalandırma deyə bir şey yoxdur. Müəllimlər uşaqlarla danışanda dizləri üstə çökürlər ki, eyni səviyyədə olsunlar, yəni uşağın gözündə müəllim nəhəng kimi görünməsin, bu məsələlərə qədər fikir verirlər. Uşağa körpə yaşlarından vətəndaş kimi sayğı ilə yanaşırlar. Əsas diqqət yalnız savadlı deyil, həm də müstəqil vətəndaşın yetişdirilməsinədir və bu, ciddi məsələdir. Heç bir qiymət verilmir. Oxuma və davamiyyətlə bağlı ola bilsin ki, fərdi iclasda valdeynə məlumat verilsin. Uşağa bu barədə məlumat verilmir və onun başqa uşaqların yanında utandırılmasına şərait yaradılmır. Uşaqlar istədiklər kimi geyinir, bütün dərs ləvazimatları ilə pulsuz təmin olunurlar. Bizim hər 3 övladımız uşaq məktəbinə gedir. Düzdür, qızım və oğlum dərslərindən bir il geri qalmışdılar, amma daha sonra dili də mükəmməl öyrəndilər və bir sinif yuxarıya keçirildilər. Gələn ildən qızım yeniyetmə məktəbinə gedəcək. Bu, Norveç təhsil sisteminin ikinci pilləsidir və 3 il davam edir. Burada artıq qiymətləndirmə olur və dərslər çox ciddi şəkildə keçirilir. Müqayisə üçün deyim ki, uşaq məktəbində həftəsonu kitablar evə aparılmır, uşaqlara istirahət verilir, amma burada artıq həftəsonları da doludur. Bu məktəbin nəticəsinə uyğun olaraq uşaqların gələcək həyatı müəyyənləşir. Bundan sonra lisey gəlir. Liseydə gəncin gələcək planlarından asılı olaraq seçim edilir. Ola bilsin ki, o, gələcəkdə ali təhsil almaq istəsin. Davamiyyət və nəticələri nəzərə alınaraq gənc liseyi 2-4 ilə bitirə bilər. Sonra liseyin nəticələri nəzərə alınaraq universitet və ya institutda oxumağa haqq qazanır. Qeyd edim ki, lisey hər bir gəncə mütləq bir peşə verir. Yəni gənc ali təhsil ala-ala, paralel olaraq işləyə bilər. Əslində isə tələbələrin işləməyinə ehtiyac olmur, çünki ali təhsil alan gənclərə güzəştli şərtlərlə kredit verilir və bu kredit hər şeyi qarşılayır.

- Sizə mədəni şok yaşadan hadisələrlə qarşılaşmısınızmı? 

- Mənimlə yaşıd bir xanım var, qonşumdur, bizi ad gününə dəvət etmişdi. 3 övladı var. Gəldik, bizi digər qonaqlarla tanış etməyə başladı. Bir kişi ilə tanış etdi ki, bu mənim oğlumun atasıdır, ikinci kişi qızımın atasıdır, üçüncüyə keçdi ki, bu da mənim kiçik oğlumun atasıdır. Biz yerimizə keçib oturmaq istəyirdik ki, bu dəfə də bizi sevgilisi ilə tanış etdi. Bu məsələlər bizdə tabudur, amma səsvermədir, seçkidir, milyardlar hara getdi - belə şeylər heç kimin vecinə deyil. Hərçənd ki, gəl norveçlinin bir qəpiyini oğurla, gör sənin başına nə oyun açacaq. 

-Azərbaycan onların gözü ilə necə görünür? 

- Avropada Azərbaycanın az-çox tanınmasında Avroviziya rol oynayıb. Avroviziya yarışmasında Norveçin "Telenor" şirkəti ilə Azərbaycan hökuməti arasında korrupsiya əməliyyatı olmuşdu. İndiyədək Azərbaycan deyən kimi "Telenor , Avroviziya” deyirlər. Əlbəttə, bu müəyyən sahənin adamlarına aiddir. Azərbaycanı izah etmək üçün hərdən yarım saat çənə döymək məcburiyyətində qalıram. Coğrafiya ilə izah edirəm, anlamırlar, çünki onlara aid olmayan şeyləri norveçlilər öyrənmir, məktəblərdə dünya tarixi, coğrafiyası öyrədilmir. Düşünürlər ki, bütün məlumatlar internetdə varsa, buna ehtiyac yoxdur. İzah edirəm ki, Avropa və Asiya arasında bir dəniz var, adı Xəzər, onun sahilində neft çıxarılan Bakı limanı var, Bakıdan Statoil-a keçirəm, sonra İran deyirəm gözlərini döyürlər, Rusiya deyəndə yenə də anlamırlar. Keçmiş Sovet ölkəsi deyirəm, deyirlər ki, anladıq, Rusiyanın bir bölgəsidir. Belə tanıyırlar. Bizim binada yaşayan qonşumuz var, bu ilin yayında Bakıya gəlib. Hamıya tərifləyir ki, ölkə cənnətdir. Deməli, bu xanım hansısa turizm şirkəti vasitəsilə gəlib və ona yalnız gözəl yerləri göstəriblər, pis yerləri görməyib deyə ancaq tərifləyir. Bir də deyir ki, orada azadlıq yoxdur, amma çox gözəldir. Həm də azadlıq məsələlərinə görə çox qorxduğunu deyir. Hiss edirmiş ki, insanlar çox qorxur və Azərbaycanda ciddi diktatura var. Diktatura olan ölkələrdə nisbi sakitlik olsa da, hər şey bir anda dəyişə bilir. Gecələr rahat yata bilmirmiş ki, birdən sosial partlayış olar, yəni insanlar inqilab edər, mən də qurban olaram. 

- Getməklə nə qazandınız və nə itirdiniz?

- Bütün keçmişimizi, dostlarımızı, ailələrimizi, əzizlərimizi, xəstə ata-anamızı, zülmlə tikib yaratdığımız ev-eşiyimizi, hətta ağaclarım... Hərşeyi orada qoyub gəlmişik, sıfırdan başlamışıq və davam edirik. Şəxsən özümə görə ağırdır, amma uşaqlara görə çox yaxşıdır. Uşaqlar təhlükəsiz və azad cəmiyyətdə böyüyürlər və burda çox yaxşı təhsil alırlar. Mən çalışıram ki, uşaqlarım azərbaycanlı qalsın. Dilimizi, dinimizi, mədəniyyətimizi, adət-ənənələrimizi unutmuruq. Mən bu şeyləri boğazdan yuxarı danışmıram, hətta kameranı çevirib göstərə bilərəm ki, burda divardan bayrağımız asılıb. 

- Sizi getməyə sövq edən səbəblər aradan qalxarsa, qayıtma ehtimalınız varmı? 

- Biz çalışırıq ki, ölkəmizdə mövcud olan rejim aradan qalxsın və normal idarəetmə olsun. Biz də qayıdaq, hansısa şəkildə öz töhfəmizi verək. Ən azı bu iki il ərzində mən burada bütün sahələr üzrə çox şey öyrənmişəm. İctimai idarəetmədən tutmuş fermer təsərrüfatına qədər, jurnalistikaya aid olmayan sahələrdəki müəyyən təcrübələri, Norveç modelini öyrənmişəm və ən azından bildiklərimi bölüşə bilərəm.

- Ölkədən getmək istəyənlərə sözünüz... 

- Ölkəni tərk etmək istəyənlər aldanmasınlar, fikirləşməsinlər ki, Avropa qucağını açıb onları gözləyir. Siz gələn kimi heç kim deməyəcək ki, gəlin keçin yuxarı başa. Nəzərə almaq lazımdır ki, çoxsaylı məhrumiyyətlər və qeyri-insani rəftarla üzləşə bilərsiniz. Azərbaycandakı vəziyyətdən qat-qat pis vəziyyət də ola bilər. Ən dəhşətlisi isə odur ki, insan alveri qurbanına ola bilərsiniz. Yüz ölçüb, bir biçin. Mən istərdim ki, gənclər Avropaya gəlmək istəyirlərsə, tələbə proqramları axtarsınlar, təhsil alsınlar, təhsil aldıqları dövrdə dil öyrənsinlər, inteqrasiya etsinlər, iş tapsınlar. Yəni, daha çox buna üstünlük versinlər.

İzzətxanım Cabarlı
Toplum.Tv