22:00, 08 İyun 2018 (Cümə) 393

Şərurun Günnüt kəndi işğaldan azad edilib

Şərurun Günnüt kəndi işğaldan azad edilib
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

Eləcə də "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb ki, bunun 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir.

Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Əraziyə ilə 50 km yeni yol çəkildiyi və 50 km-dən artıq yararsız yollar bərpa edildiyi bildirilir.

Həmçinin Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyekt dağıdılıb, kənd xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçmək məcburiyyətində qalıb.

Günnüt sakinləri 26 ildən sonra - iyunun 7-də kəndlərinə qayıdaraq əzizlərinin məzarını ziyarət ediblər.